EN

AİHM-dən mühüm qərarlar: deportasiya, irqçilik, uşaqların ayrılması və sosial mənzil böhranı gündəmdə  

Yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinin Avropanın müxtəlif ölkələrinə qarşı onlarla mühüm qərar və qərardadı elan edəcək. Strasburq məhkəməsinin gündəliyinə çıxarılan işlər arasında irqçi çıxışlar, terror təhlükəsizliyi adı ilə deportasiya, uşaqların bir-birindən ayrılması, sosial mənzil hüququnun pozulması və məhkum hüquqları kimi həssas məsələlər yer alır.

Musavat.com xəbər verir ki, məhkəmənin açıqladığı siyahıda xüsusilə Bolqarıstan, İspaniya, Fransa, Nikaraqua, Serbiya və İsveçrə ilə bağlı işlər diqqət çəkir.

Ən rezonanslı işlərdən biri “Asen Asenov Bolqarıstana qarşı” işi sayılır. Hüquq müdafiəçisi olan Asen Asenov bolqar siyasətçisinin parlamentdə söylədiyi ifadələrə görə diskriminasiya şikayəti vermişdi. İlk mərhələdə diskriminasiyaya qarşı komissiya onun xeyrinə qərar çıxarsa da, sonradan Bolqarıstan Ali İnzibati Məhkəməsi həmin qərarı ləğv edib.

“Budinova və İsayev Bolqarıstana qarşı” işi də eyni kontekstdədir. Jurnalistlər siyasi çıxışlarda istifadə olunan ifadələrin irqçi və alçaldıcı xarakter daşıdığını bildirirlər. Onlar iddia edirlər ki, Bolqarıstan məhkəmələri qərarlarında faktiki olaraq irqçi motivləri əsas götürüblər. Bu işlər Avropada son illər güclənən ultrasağ ritorikanın insan hüquqları müstəvisində necə qiymətləndiriləcəyinə dair mühüm presedent hesab olunur.

AİHM-in gündəmindəki digər diqqətçəkən iş “Fal İspaniyaya qarşı” işidir. Mərakeş vətəndaşı Nacib Fal uzun illər İspaniya ərazisində ailəsi ilə birlikdə yaşayıb. İspaniya hakimiyyəti onu Suriyaya və İraqa radikal qruplara adam göndərən şəbəkənin mühüm üzvü kimi qiymətləndirərək deportasiya edib və ölkəyə girişinə 10 illik qadağa qoyub. Maraqlıdır ki, Fal heç vaxt cinayət məsuliyyətinə cəlb olunmayıb və məhkəmə hökmü ilə təqsirli bilinməyib. O isə AİHM-də iddia edir ki, milli təhlükəsizlik bəhanəsi altında ailə həyatı hüququ pozulub. Bu iş Avropada təhlükəsizlik və insan hüquqları balansı ilə bağlı mübahisələrin yenidən gündəmə gələcəyini göstərir.

“Eisenauer və digərləri Fransaya qarşı” işi isə Fransa dövlətinin sosial siyasətini hədəfə gətirib. Müxtəlif ölkələrdən olan 15 nəfər Fransa hakimiyyətini məhkəmə qərarlarını illərlə icra etməməkdə ittiham edir. Məsələ sosial mənzil hüququ ilə bağlıdır. Fransa məhkəmələri həmin şəxslərin təcili şəkildə mənzillə təmin olunması barədə qərar versə də, bəzi hallarda bu qərarlar 8 ilə qədər icra edilməyib. Şikayətçilər bildirirlər ki, bu vəziyyət onların həm normal yaşayış, həm də fiziki və psixoloji sağlamlıq hüquqlarına ciddi zərbə vurub.

“Y Serbiyaya qarşı” işi emosional tərəfi ilə diqqət çəkir. Azyaşlı qız qardaşının xarici ailə tərəfindən övladlığa götürülməsindən sonra onunla bütün əlaqələrin kəsildiyini bildirir.Serbiya sosial xidmətləri uşaqların maraqlarını əsas gətirsə də, şikayətçi hesab edir ki, qardaş və bacının ayrılması onların mənafeyinə uyğun olmayıb. İşdə övladlığa götürən ailənin əlaqələri qorumaq vədinə əməl etmədiyi də vurğulanır.

AİHM-də baxılacaq digər mühüm iş “B.M. İsveçrəyə qarşı” işidir. 1946-cı il təvəllüdlü məhkum 2005-ci ildən həbsdə saxlanılır və azyaşlılara qarşı seksual cinayətlərə görə məhkum olunub. O, yaşına uyğun həbs şəraitinin yaradılmadığını, müşayiətli gəzintilərə icazə verilmədiyini və şərti azadlığa buraxılması barədə müraciətinin əsassız rədd edildiyini iddia edir. Açıqlanacaq qərarlar sırasında Ermənistan, Rusiya, Ukrayna və Türkiyə ilə bağlı çoxsaylı işlər də var. Xüsusilə “Grebenyuk və digərləri Rusiya və Ukraynaya qarşı” və “Starunov və digərləri Rusiya və Ukraynaya qarşı” işləri regiondakı müharibə və insan hüquqları pozuntuları kontekstində diqqətlə izlənilir.

AİHM-in bu həftə açıqlayacağı qərarların bir qisminin Avropa hüquq praktikasında ciddi rezonans doğuracağı gözlənilir.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
11
musavat.com

1Sources