EN

Ermənistan Azərbaycana əsgər göndərəcək? – Paşinyandan “boğucu FƏND”

Ermənistanın hazırda tətildə olan Baş naziri Nikol Paşinyan revanşist namizədlərə təzyiqi getdikcə artırır. Onun kontr-arqumentləri isə kəsərsiz sayılmaz. Bu haqda az aşağıda.

7 iyun seçkiləri yaxınalaşadıqca Paşinyanın daha sərt ritorika ilə çıxış edəcəyi gözlənilən idi. Çünki qarşıdakı seçkilər təkcə hakimiyyətin yox, bütövlükdə Ermənistanın və erməni xalqının taleyini həll edəcək.

Bunu radikal düşərgə də bilir. Opponentlər onun da fərqindədirlər ki, əgər hakim partiya daha 5 illiyə legitimlik qazansa, onda köçəryanların, karapetyanların, sərkisyanların “kitabı” əbədilik bağlanacaq.

Odur ki, pul-paraları ilə birgə nə resursları, media agentləri var, hamısını ortaya qoyublar. Ancaq özlərini nə qədər “sülh göyərçini” kimi göstərməyə çalışsalar da, alınmır. Ona görə ki, maskalana bilmirlər. Maskalanmaq mümkünsüz. Azərbaycanla aparılan sülh prosesini, paraflanmış müqaviləni təftiş eləmək, hazırkı “müharibə konstitusiyası”nı olduğu kimi saxlamaq barədə vədləri buna imkan vermir...

Bu və digər səbəblə Nikol Paşinyan faktiki hücum mövqeyindədirsə, revanşist qüvvələr müdafiə olunmaq zorundadır. Hakim partiyanın bir təbliğati üstünlüyü də bu.

İkinci üstünlük onun seçkisonrası ölkə üçün realist və aydın “yol xəritəsi”nə malik olmasıdır. Pərakəndə müxalifətin isə bənzər proqramı yerli-dibli yoxdur. O, tarixi seçim önündə olan cəmiyyətə inandırıcı, həyata keçirilə bilən pozitiv nəsə deyə bilmir. İllah da mifik “artsax” və ermənilərin Qarabağa geri dönüşü ilə bağlı. Zira, qatar artıq gedib.

Bu fonda Nikolun daha bir güclü tezisi var. Bu da odur ki, iki ildir şərti sərhəddə sakitlikdir, nə bir erməni hərbçisi öldürülüb, nə də yaralanıb. Diqqət edin, az öncə Paşinyan bunu həm də Ermənistanın artıq böyük güclərin əlində “maşa” olmaması ilə izah edib. Radikal-revanşislər isə tam əksinə çalışır ki, bu da erməni seçicisini qorxudur...

Təbii ki, hakimiyyət təbliğatda bəzi digər “boğucu fənd”lərdən də yararlanır. Bircə fakt.

Самвел

Məlumat yayılıb ki, Rusiyaya bağlı oliqarx namizəd, ev dustaqlığında olan Smvel Karapetyanın rəhbəri olduğu partiya seçkilərdə qalib gələrsə, Ermənistan Ukraynadakı “xüsusi hərbi əməliyyat” zonasında döyüşmək üçün 300 min əsgər göndərəcək. Karapetyan iddiaları təkzib edib.

Sitat: “Əmin olun: heç bir Ermənistan vətəndaşı döyüşmək üçün heç bir ölkəyə göndərilməyəcək. Əsgərlərimiz güclü, yaxşı təchiz olunmuş orduda xidmət edəcəklər”.

Əlbəttə ki, təkzib olunacaq. Ancaq Karapetyan blef edir. Siyasi müşahidəçilərə görə, o, qalib gələrsə, seçkilərdən sonra ölkəni təzədən bütün istiqamətlər üzrə KTMT-yə qaytaracaq və Ukrayna məsələsində hansısa şəkildə Rusiyanın yanında yer alacaq. Paşinyan isə bəyan edir ki, “Bu - bizim müharibə deyil”.

Yəni ki, Rusiyaya hər hansı hərbi köməkdən – leqal və ya qeyri-leqal – söhbət gedə bilməz. Zatən, mayın əvvəlində Volodimir Zelenskinin İrəvana elədiyi səfər bu mövqeyin növbəti bariz sübutu idi. Hansı ki, Kremldə güclü qıcıq yaratdı...

Təhlükə həmçinin ondadır ki, radikallar iqtidarda olarsa, nə vaxtsa xarici təhrik altında Azərbaycana da əsgər göndərmək xülyasına düşə bilərlər. Axı onlar Paşinyandan fərqli olaraq, Qarabağ mövzusunun qapanmadığını iddia edirlər – Azərbaycan torpağının minlərlə işğalçı erməniyə məzar olduğunu bilə-bilə! Ağlı başında olan seçici onlara niyə səs versin ki.

Bəli, zamanı çatsa, Azərbaycanla Ermənistan eyni hərbi blokda təmsil olunsa, yəni, diplomatik əlaqələr qurulsa və iki xalq atasında barışıq gerçəkləşsə, Azərbaycanda hansısa hərbi təlimlərə Ermənistan hərbçiləri də qatıla bilər. Fantastik görünür, amma deyirlər, heç vaxt “heç vaxt” demə...

Z. SƏFƏROĞLU

Chosen
7
50
musavat.com

10Sources