ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlar Dərnəyi, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin dəstəyi ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: Diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium keçirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev çıxış edərək simpoziumun əsas məqsədinin təcili allerqologiya sahəsində müasir diaqnostika və müalicə metodlarının müzakirəsi, bu sahədə qabaqcıl tibbi yanaşmaların paylaşılması, eləcə də mütəxəssislər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi olduğunu, tədbirin həkim və rezidentlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Hibrid formatda həyata keçirilən simpoziumda Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar həkim, Əməkdar elm xadimi Lalə Allahverdiyeva elmi proqramın zənginliyindən bəhs edərək iştirakçıları aktiv olmağa çağırıb.
Açılış mərasimindən sonra simpozium elmi hissəsi Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva və Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin Terapiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Nigar Bağırova moderatorluğu ilə keçirilib.
“Ağır allergik və toksiko-allergik sindromlar: Diaqnostika, klinika və müalicə alqoritmi” mövzusunda birinci paneldə Milli Onkologiya Mərkəzinin anestezioloq-reanimatoloqu Nərminə Əzizova “Anafilaksiya zamanı təcili tibbi yardımın göstərilməsinin müasir alqoritmləri”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev “Ağır kəskin toksiko-allergik vəziyyətlər: Stivens-Conson sindromu və toksik epidermal nekroliz (Layell sindromu)”, Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının allerqoloqu, dosent Aynur Ağayeva “DRESS-sindrom: klinika, diaqnostika və müalicə” və Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva “Allergen immunoterapiyanın (AİT) perspektivləri” mövzularında məruzələr təqdim ediblər.
Simpoziumun “Allergik və toksiko-allergik vəziyyətlər: Xüsusi hallar və onların terapevtik strategiyaları” mövzusunda ikinci paneli Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının allerqoloqu, dosent Aynur Ağayevanın moderatorluğu ilə keçirilib.
Həmin paneldə Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının pediatrı, assistent Zərifə Məmmədova “Uşaqlarda və böyüklərdə qida mənşəli anafilaksiya”, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin Terapiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Nigar Bağırova “Toksiko-allergik sindromlar zamanı ekstrakorporal detoksikasiya üsullarının tətbiqi”, Mərkəzi Gömrük Hospitalın anestezioloq-reanimatoloqu Xəyal Məmmədov “Kontrast maddələrin yeridilməsi zamanı anafilaktoid reaksiyalar”, Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının immunoloqu, assistent Ləman Cəfərova “Xronik spontan övrənin müalicəsinə yeni yanaşma” və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, Azərbaycan Milli Antidoping Agentliyinin Müşahidə Şurasının üzvü İnarə Ağabalayeva “Həşərat sancmaları zamanı anafilaksiya” mövzularında təqdimatlar edib və sualları cavablandırıblar.
Qeyd edək ki, allerqoloq, toksikoloq, anestezioloq-reanimatoloq, terapevt, pediatr və təcili tibbi yardım həkim və rezidentləri üçün nəzərdə tutulmuş elmi-praktik simpoziumda 300-ə yaxın mütəxəssis iştirak edib və tədbir Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya qaydaları üzrə akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilib.















Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.