EN

Anaklaudia Rossbax: 160 ölkə şəhərsalma siyasəti üzrə çərçivə hazırlayıb

BAKI, 17 may. TELEQRAF

On il əvvəl qəbul edilən Yeni Şəhər Gündəliyi mənzil və dayanıqlı urbanizasiya sahəsində əsas qlobal çərçivə olaraq qalır. 2026-cı il isə yalnız hesabat deyil, həm də düzəliş və icranın sürətləndirilməsi ili olmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax XIII Ümumdünya Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün təxminən 160 ölkə şəhərsalma siyasəti üzrə çərçivə hazırlayıb:

“Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətləri qəbul edib, burada ən çox diqqət yetirilən məsələ əlçatanlıqdır.

Bununla belə, görülən işlər kifayət deyil. Dünyada bir milyarddan çox insan gecəqondu və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, mənzil əlçatanlığı problemi isə getdikcə dərinləşir. Evsizlik həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə artan çağırış olaraq qalır. Qeyri-adekvat mənzil şəraiti insanların təhsil, səhiyyə, nəqliyyat və təhlükəsizlik imkanlarına çıxışını məhdudlaşdırmaqla yanaşı, onları iqlim və təbii fəlakət risklərinə daha həssas edir”.

O vurğulayıb ki, qarşıdakı onillik genişmiqyaslı icra dövrü olmalıdır:

“Bunun üçün qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması, əsas xidmətlərin təmin edilməsi, məcburi köçürmələrin qarşısının alınması və iqlim dayanıqlığının gücləndirilməsi vacibdir. Mənzil yalnız tikinti məsələsi deyil — bu, torpaq, infrastruktur, maliyyə, idarəetmə, iqlim fəaliyyəti və insan hüquqları məsələsidir. Eyni zamanda, mənzil siyasəti nəqliyyat, məşğulluq və ictimai xidmətlərlə əlaqələndirilməli, dövlət, yerli idarəetmə, özəl sektor və vətəndaş cəmiyyəti birgə fəaliyyət göstərməlidir”.

Chosen
105
1
teleqraf.com

10Sources