EN

​53 yaşı var, 55 kilometr qaçır -

Cabir Dövlətzadə Türkiyənin nüfuzlu Mərmərə Universitetinin məzunudur. O, hazırda turizm-otelçilik üzrə peşəkar mütəxəssis sayılır. Onu dostlarından, həmkarlarından fərqləndirən əsas cəhət peşəkar səviyyədə qaçışla məşğul olmasıdır. Metbuat.az xəbər verir ki, qaçış 53 yaşlı Dövlətzadənin ən sevimli hobbisidir. Hazırda o, bu məşğuliyyətlə peşəkar səviyyədə məşğul olur. Yaşının çoxluğu saatlarla marafonda tər axıtmasına mane olmur. Cabir Dövlətzadə bir neçə dəfə həm Azərbaycanda, həm də ölkəmizin hüdüdlarından kənarda keçirilən qaçış marafonlarında iştirak edib. 53 yaşlı Dövlətzadə 55 kilometrlik məsafəni qaçmağa müvəffəq olub. Qəhrəmanımızın qatıldığı ilk beynəlxalq marafon Serbiyada keçirilib. O, bu il aprel ayının 19-da Belqrad marafonunda iştirak edib. Beynəlxalq turnirdə ölkəmizi təmsil edən yeganə azərbaycanlı olan olan Cabir Dövlətzadə 42 kilometr məsafəni 3 saat 50 dəqiqə ərzində qacmağa nail olub. Beləliklə, o, marafonu 14 min istirakçı arasında 376-cı sırada başa vurub. Peşəkar idmançıların və gənclərin qatıldığı marafonda bu göstərici boyük uğur sayılır...Cabir Dövlətzadə daha bir mötəbər yarışa hazırlaşır. O, iyulun 4-də Sankt-Peterburqda keçiriləcək "Bəyaz gecələr" marafonuna qatılmağı planlaşdırır. İdmançımız özü üçün hədəf müəyyənləşdirib: 42 kilometri 3 saat 30 dəqiqəyə qaçmaq.Dövlətzadə hədəfinə çatmaq üçün əzmlə calışır. O, həftənin 5 günü azı 20 kilometr qaçır. "Məqsəd həftədə minimum 100, ayda 400 kilometr qaçmaqdır. Sankt-Peterburqda 42 kilometri 3 saatdan daha az müddətdə qaçacağıma inanıram", - Cabir Dövlətzade belə deyir. Qəhrəmanımız həm də bu ilin fevralında Bakıda keçirilən Ultramarafonun istirakçısı olub. O, həmin marafonda 55 kilometr məsafə qət edib. Bu göstəricini idmançı karyerasının ən parlaq səhifələrindən biri hesab edir. Cabir Dövlətzadə sonuncu dəfə 10 gün əvvəl Bakı marafonuna qatılıb. 3 may 2026-cı ildə baş tutan marafonda o, 25 min iştirakçı arasında 174-cü olub. Qəhrəmanımız məşhur paratlet Elşən Quliyevin yaradıcısı olduğu “Zəfər” qaçış klubunun üzvüdür. O, ölkəmizdə qaçış idman növünün təbliğində Elşən Quliyevin əməyini yüksək qiymətləndirir. Turizm-otelçilik sahəsində peşəkar mütəxəssis olan Cabir Dövlətzadə həyatını bir gün də idmansız təsəvvür etmir. O, dostları, qohumları, iş yoldaşları arasında da sağlam həyat tərzini təbliğ edir. "Belqrad marafonunda istirakçılardan birinin 89 yaşı vardı. O, bizdən daha şövqlə qaçırdı. Bu isə onu deməyə əsas verir ki, başlamaq heç vaxt gec deyil. Qaçmaq antistress, kardio və sağlam həyatdır", - deyə Dövlətzadə fikrini yekunlaşdırıb.

Aynur Abdınova / Metbuat.az

Chosen
43
metbuat.az

1Sources