EN

Blok imtahanında uğurun sirri açıldı Abituriyentlərə mühüm ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

Bəs sınaq imtahanı ilə blok imtahanı oxşar olurmu? Sınaq imtahanından yüksəl bal toplayanlar blok imtahanında da yüksək nəticə gözləyə bilərmi?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Redaktor.az-a açıqlamsında bildirdi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən sınaq imtahanlarındakı suallarla blok imtahanının sualları oxşarlıq təşkil edir:

"Bütövlükdə düşünürəm ki, bu, abituriyentlərin öz biliklərini dəyərləndirməsi üçün ən yaxşı fürsətlərdən biridir. Bu imkan Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentlər üçün yaradılıb və mən hesab edirəm ki, sınaq imtahanlarında əldə olunan nəticələr müəyyən mənada blok imtahanındakı nəticələrə yaxın olur. Burada bəzi nüanslar da var. Abituriyentlər yaxşı anlayırlar ki, sınaq imtahanları psixoloji baxımdan blok imtahanları qədər gərgin olmur. Çünki sınaq imtahanında səhv etmək və özünü daha sərbəst hiss etmək mümkündür".

Mütəxəssisin sözlərinə görə, sınaq imtahanında yüksək nəticə göstərən abituriyentin blok imtahanında daha aşağı nəticə toplamasının əsas səbəbi də məhz məsuliyyət hissi və həyəcan faktorudur:

"Yəni burada psixoloji amillər ciddi rol oynayır. Amma sınaq imtahanında yüksək nəticə göstərənlər blok imtahanında da yüksək nəticə əldə edə bilərlər. Mən hesab edirəm ki, bunun üçün abituriyentlər daha diqqətli olmalıdırlar. Məsələn, sınaq imtahanında etdikləri səhvlər üzərində daha çox işləsələr və psixoloji baxımdan özlərini daha rahat hiss etsələr, həmin nəticəni, hətta ondan da yüksək nəticəni əldə edə bilərlər. Çünki sınaq imtahanı onlara zəif tərəflərini görmək imkanı yaradır. Bu, Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün yaratdığı çox faydalı imkanlardan biridir və mən bunu yüksək qiymətləndirirəm. Suallar eyni olmasa da, mahiyyət etibarilə oxşardır və ümumi məzmunu əhatə edir. Məqsəd isə abituriyentin zəif tərəflərini müəyyən etməsi, həmin istiqamətlərdə çalışması, psixoloji baryeri aradan qaldırması və imtahanda öz real biliyini ortaya qoya bilməsidir".

Onun fikrincə, xüsusilə yüksək hazırlıqlı, baza bilikləri güclü olan abituriyentlər sınaq imtahanlarında əldə etdikləri nəticəni, hətta daha yüksək nəticə ilə təkrarlaya bilərlər.

"Mən bu mənada abituriyentlərə bir çağırış da etmək istəyirəm. Onlar özlərini daha sərbəst aparmalıdırlar. Hər iki imtahan məsuliyyətlidir, amma bəzən uğursuzluqlar bilik çatışmazlığından yox, məhz məsuliyyəti düzgün idarə edə bilməməkdən qaynaqlanır. Bu da müəyyən hallarda psixoloji problemlərlə bağlı olur. Birmənalı olaraq hesab edirəm ki, yaradılmış bu imkan abituriyentlərə həm səhvlərini düzəltmək, həm özlərini təkmilləşdirmək, həm də çətinlik çəkdikləri mövzular üzrə əlavə biliklər qazanmaq üçün çox faydalıdır. Bu səbəbdən abituriyentlər sınaq imtahanlarını dəyərləndirməli, həmin imtahanlarda əldə etdikləri nəticələri analiz etməli və növbəti imtahan mərhələsinə daha hazırlıqlı şəkildə davam etməlidirlər", - deyə İ.Orucov vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
redaktor.az

2Sources