Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Hörmüz boğazı ətrafında yaranmış mina böhranı artıq təkcə regional təhlükəsizlik məsələsi deyil, həm də qlobal enerji bazarları və beynəlxalq ticarət üçün ciddi risk hesab olunur. Hərbi ekspertlərin və Qərb kəşfiyyat qurumlarının qiymətləndirmələrinə görə, İranın boğazda yerləşdirdiyi minlərlə dəniz minasının tam şəkildə aşkarlanması və zərərsizləşdirilməsi illərlə davam edə bilər.
Mütəxəssislər bildirirlər ki, Tehran istəsə belə, yaxın vaxtlarda Hörmüz boğazını tam təhlükəsiz şəkildə yenidən açmaq imkanına malik deyil. Çünki İran özü belə yerləşdirdiyi bütün minaların koordinatlarını dəqiq müəyyən edə bilmir. Bir çox mina kiçik sürətli katerlər və hətta balıqçı qayıqları vasitəsilə tələsik şəkildə yerləşdirildiyi üçün onların xəritələşdirilməsi aparılmayıb.
Qərb mənbələrinin məlumatına görə, İranın arsenalında 2 mindən 6 minədək müxtəlif tipli dəniz minası mövcuddur. NATO artıq Hörmüz boğazında aktiv mina sahələrinin olduğunu təsdiqləyib.
ABŞ hərbi dairələrinin məlumatına əsasən, İran martın əvvəlindən etibarən boğazda intensiv minalama əməliyyatına başlayıb. Vaşinqton əvvəllər İranın iri hərbi gəmilərinin əksəriyyətinin sıradan çıxarıldığını bildirsə də, SEPAH kiçik və sürətli döyüş katerlərindən ibarət “ağcaqanad donanması” vasitəsilə bu əməliyyatı həyata keçirə bilib.
İranın yeni ali rəhbəri Müctəba Xamaneyi çıxışlarından birində Hörmüz boğazının bağlanmasını Tehranın “ən mühüm strateji alətlərindən biri” kimi xarakterizə edib.
Ekspertlərin sözlərinə görə, İran həm sovet və Çin istehsalı köhnə minalardan, həm də özünün hazırladığı müasir sistemlərdən istifadə edir.

Bunlara aşağıdakılar daxildir:
-Lövbərlə müəyyən dərinlikdə saxlanılan klassik kontakt minalar;
-Gəminin səs, maqnit və ya su təzyiqini hiss edərək partlayan dib minaları;
-Diversiya qruplarının gəmi gövdəsinə yapışdırdığı maqnit minaları;
-Axınla hərəkət edən “xüsusi mühərrik və ya idarəetmə mexanizmləri ilə təchiz edilmiş özüyeriyən minalar.
Ən böyük təhlükə də özüyeriyən minalarla bağlıdır. Bu minalar dəniz axınları vasitəsilə yüzlərlə kilometr uzağa hərəkət edə, hətta onları yerləşdirən tərəfin özü üçün belə nəzarətdən çıxa bilər. Hərbi analitiklərin fikrincə, bəzi müasir İran minaları kompozit materiallardan hazırlandığı üçün NATO sonarları tərəfindən belə çətin aşkarlanır.
Donald Trump son həftələrdə İranı dəfələrlə xəbərdar edib. ABŞ Prezidenti bildirib ki, əgər Tehran Hörmüz boğazının minalanmasını davam etdirsə, Vaşinqton “20 dəfə daha güclü” cavab zərbəsi endirəcək.
Tramp həmçinin bəyan edib ki, əgər İran boğazda mina yerləşdiribsə və bunu ABŞ-yə bildirməyibsə, həmin minalar dərhal təmizlənməlidir. Lakin görünən odur ki, Tehranın bu xəbərdarlıqlardan geri çəkilmək niyyəti yoxdur.
Ekspertlər vurğulayırlar ki, dəniz minaları onilliklərlə aktiv qala bilir. Bu isə o deməkdir ki, hətta müharibə dayandırılsa belə, Hörmüz boğazında gəmiçilik uzun müddət təhlükə altında qalacaq.
Mütəxəssislərin sözlərinə görə, supertankerlərdən birinin zədələnməsi region üçün böyük ekoloji fəlakət yarada bilər. Çünki Hörmüz boğazı dünya enerji daşımalarının əsas arteriyalarından biridir.
Rasim
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.