EN

Azərbaycanın iradəsi ilə Cənubi Qafqazda real sülh mühiti formalaşıb POLİTOLOQ

ain.az bildirir, Sherg.az portalına istinadən.

Artıq 9 aydır ki, bu vəziyyət davam edir

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta "X" platformasında paylaşımında bildirib ki, Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir. Koşta bildirib ki, bunu qeyd etmək və alqışlamaq lazımdır. 

Politoloq Sultan Zahidov Sherg.az-la həm Koştanın paylaşımı, həm də hazırki proseslərdə Azərbaycanın tutduğu mövqe ilə bağlı fikirlərini bölüşüb:

"Reallıq ondan ibarətdir ki, dünyanın müxtəlif bölgələrində bu gün biz eskalasiyaların və qarşıdurmaların şahidi oluruq. Bu eskalasiyalar fonunda Cənubi Qafqazda sülhün təmin olunması, ilk növbədə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eləcə də 2025-ci ildə imzalanan Vaşinqton Bəyannaməsi sayəsində mümkün olub. Bu isə onu göstərir ki, Azərbaycan Cənubi Qafqaz regionunda sülh gündəliyinə sadiqdir.

Torpaqları 30 il işğal altında olmasına baxmayaraq, Ermənistana sülhün beş prinsipini əks etdirən təklifi irəli sürəndə Azərbaycan oldu.

Məhz Azərbaycanın qətiyyətli mövqeyi və iradəsi nəticəsində hazırda Cənubi Qafqazda real sülh mühiti formalaşıb. Artıq 9 aydır ki, bu vəziyyət davam edir.

Antonio Koştanın da qeyd etdiyi kimi, məhz Azərbaycan-Ermənistan arasında Vaşinqton Bəyannaməsi sayəsində Avropa Siyasi Birliyi Sammitinin 8-ci iclasının keçirilməsi mümkün oldu".

Politoloq qeyd edib ki, bəzi qüvvələr, o cümlədən Avropa İttifaqı daxilində və digər ölkələrdə fəaliyyət göstərən müəyyən dairələr və erməni diasporası sülh prosesinə xələl gətirməyə yönəlmiş addımlar atmaqdadır:

"Aprel ayında Belçika və Hollandiya parlamentləri, eləcə də Avropa Parlamentinin qəbul etdiyi qətnamələr bunun bariz nümunəsidir.

Həmin qətnamələrdə yer alan fikirlər reallığı əks etdirmir, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür və regiondakı sülh prosesinə zərər vurulur.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də onlayn çıxışında bildirdi ki, həm Avropa Şurası Parlament Assambleyası, həm də Avropa Parlamenti bu günə qədər Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməklə regiondakı reallığa, sülh prosesinə və beynəlxalq hüquqa zidd mövqe sərgiləyiblər.

Məhz bu səbəbdən regional və beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı və onun strukturları Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək istəyirlərsə, mövcud reallığı, beynəlxalq hüququ və hazırkı sülh prosesini nəzərə alaraq fəaliyyət göstərməlidirlər".

Analitik Koştanın dediklərinin reallığı əks etdirdiyini, bunun həqiqətən də tarixi sülh razılaşması olacağını deyib:

"Bu sülhün dayanıqlı olması üçün isə Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi vacibdir. Bununla sülh sazişi imzalana, eyni zamanda kənar güclərin prosesə müdaxiləsinin qarşısı alına bilər. Çünki bu cür müdaxilələr əksər hallarda yalnız geosiyasi maraqlara xidmət edir və nəticə etibarilə sülh prosesinə zərər vurur".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
50
sherg.az

10Sources