Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyi Sammitində çıxışı zamanı regional gündəmi silkələyən sensasion bəyanatla çıxış edib. Baş nazir Ermənistan və Azərbaycanın gələcək sammitlərə ev sahibliyi məsələsində bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiyini xüsusi vurğulayaraq, 2028-ci ildə Bakıda keçiriləcək sammitdə iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu bildirib. Paşinyan həmçinin Avropa Siyasi Birliyi platformasının regional təmaslardakı əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidenti ilə ilk birbaşa dialoqunun məhz bu formatda baş tutduğunu xatırladıb. İrəvanın Ankara ilə münasibətlərindəki "buzların əriməsi" prosesinə də toxunan Baş nazir, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın İrəvana səfərini tarixi hadisə kimi dəyərləndirib və onu Ermənistana qədəm qoyan ilk Türkiyə vitse-prezidenti kimi təqdim edib.
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Paşinyanın 2028-ci il üçün Bakı səfəri anonsu sadəcə bir protokol istəyi deyil, həm də sülh müqaviləsinin qaçılmazlığına verilən mesajdır: "Paşinyanın Bakıya gəlmək istəyini 2 il öncədən bəyan etməsi göstərir ki, İrəvan artıq Azərbaycanın regional liderliyini və ərazi bütövlüyünü tam şəkildə həzm edib. Ermənistan rəhbərliyi anlayır ki, Bakı ilə birbaşa təmas olmadan və qarşılıqlı tanınma prosesini rəsmiləşdirmədən Ermənistanın iqtisadi və siyasi blokadadan çıxması qeyri-mümkündür. Bu açıqlama həm də Ermənistan daxilindəki revanşist qüvvələrə bir siqnaldır ki, dövlət artıq gələcəyini müharibə yox, Bakıdakı sammitlərdə iştirak üzərində qurur".
Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərindəki son gəlişmələr, xüsusən Cevdet Yılmazın İrəvan səfəri bu böyük sülhün tərkib hissəsidir: "Türkiyənin vitse-prezidentinin İrəvana səfər etməsi Ankara və Bakının koordinasiyalı siyasətinin nəticəsidir. Paşinyan bu səfəri mühüm hadisə adlandırmaqla etiraf edir ki, Türkiyə ilə münasibətlərin normallaşması birbaşa Azərbaycanla münasibətlərdən keçir. Türkiyə Ermənistanın qarşısında qoyduğu 'Zəngəzur dəhlizi' və sülh müqaviləsi şərtlərini yumşaltmayıb, sadəcə İrəvana real nəticələr qarşılığında diplomatik jestlər edir. Paşinyanın 2028-ci il planı isə bir növ bölgədəki status-kvonun artıq geridönməz olduğunu və Ermənistanın bu yeni reallığa uyğunlaşmağa çalışdığını təsdiqləyir".