EN

ABŞ-dan Avropa və Asiyadakı müttəfiqlərinə xəbərdarlıq - İranla müharibədə ehtiyatımız tükəndi...



ABŞ administrasiyası İranla müharibə nəticəsində tükənmiş hərbi inventarını bərpa etmək üçün strateji dəyişikliyə gedir. “Financial Times” qəzeti məsələyə yaxın mənbələrə istinadən yazır ki, Pentaqon Britaniya, Polşa, Litva və Estoniya da daxil olmaqla bir neçə Avropa ölkəsinə raket sistemlərinin çatdırılmasında ciddi fasilələr olacağı barədə xəbərdarlıq edib.

Gecikmələrin yalnız Avropa ilə məhdudlaşmadığı və Asiyaya da göndərişlərin təxirə salınmasının nəzərdən keçirildiyi məlum olub.

Yaşanan bu böhrandan ən çox təsirlənən sistemlər arasında Ukraynadakı müharibənin gedişatını müəyyən edən avadanlıqlar da var. ABŞ xəbərdarlığına görə, “Lockheed Martin” şirkətinin yüksək hərəkətlilikli raket sistemləri olan “Himars” və “Raytheon” və “Kongsberg” şirkətlərinin birgə istehsal etdiyi “Nasams” yer-hava raket sistemi üçün sursatların çatdırılmasında da problemlər yaranır. Pentaqon "əməliyyat həssaslığı"na görə təfərrüatları açıqlamaqdan imtina etsə də, silah transferi məsələsini yenidən dəyərləndirdiklərini etiraf edib.

Pentaqon Yaxın Şərqdə uzunmüddətli müharibə aparmaq məcburiyyətində qala biləcəyini deyən Brukinqs İnstitutunun eksperti Tom Rayt, eyni zamanda ABŞ-ın Hind-Sakit okean hövzəsində çəkindirməni gücləndirməkdə çarəsiz olduğunu bildirib: “Bunu etmək üçün isə Avropanı qurban verməyə hazırdır".

Raytın sözlərinə görə, Avropanın öz müdafiə sənayesini "ildırım sürəti ilə" qurmaqdan başqa çarəsi yoxdur.

Silah ehtiyatlarındakı bu çatışmazlıq Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya birbaşa təsir göstərir. Ukrayna Prezidenti Zelenski bildirib ki, çatdırılmaların gecikməsi səbəbindən Rusiyanın hücumları zamanı “Patriot” raketlərinin bəzən sursatsız qaldığını bildirib. Ukraynanın yüksək vəzifəli rəsmiləri də İranla müharibənin başlanğıcından bəri Kiyevə silah çatdırılmasında ciddi axsamaların olduğunu təsdiqləyiblər.

Təkcə Avropa deyil, Yaponiya və Cənubi Koreya kimi Asiyadakı müttəfiqləri də ABŞ-ın sursat çatışmazlığı ilə mübarizə aparır. Xüsusilə Yaponiyanın pulunu ödədiyi “Tomahawk” qanadlı raketlərinin çatdırılmasında gecikmələrdən dərin məyusluq duyduğu bildirilir.

Bu arada, ABŞ Dövlət Departamenti İranla atəşkəs zamanı bölgədəki müttəfiqləri İsrail, BƏƏ, Küveyt və Qətərə ümumi dəyəri 8,6 milyard dollardan çox olan kütləvi silah satış paketlərini təsdiqləyib.

Təsdiqlənmiş satışların böyük hissəsi Qətər və Küveytə ayrılıb. Qətər 4,01 milyard dollar dəyərində “Patriot” hava və raketdən müdafiə təchizatı xidmətləri və 992,4 milyon dollar dəyərində Qabaqcıl Dəqiq Zərbə Silah Sistemləri (APKWS) üçün təsdiq alıb. Küveyt isə 2,5 milyard dollarlıq inteqrasiya olunmuş döyüş komandanlığı sistemi ilə müdafiə xəttini gücləndirəcək. Müdafiə sənayesi nəhəngləri RTX, “Lockheed Martin” və “Northrop Grumman” bu layihələrin əsas podratçıları olacaq.

İranın müharibə zamanı ən azı 2000 ballistik raket və dronla hədəfə aldığı BƏƏ və münaqişənin əsas aktyoru olan İsrail də yeni sursatlarla təchiz olunur. İsrailə 992,4 milyon dollarlıq, BƏƏ-yə isə 147,6 milyon dollarlıq APKWS (Hava Hücum Sistemləri) satışı təsdiqlənib.

Tahir TAĞIYEV

Chosen
25
20
baki-xeber.com

10Sources