EN

ONLAR PUTİNƏ NİFRƏT EDİR, AMMA... Rusiyada fundamental dəyişikliyə qadir elita varmı?

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya-Ukrayna müharibəsi uzandıqca onun hansı tərəfə daha çox ziyan vuracağı sualı aktuallaşmağa başlayır. Bəzi beynəlxalq hərbi və siyasi ekspertlər Ukraynanın ram edilməsinin mümkünsüzlüyünü söyləməklə yanaşı, Rusiyanın özünün məğlubiyyətə düçar olacağını dilə gətirməyə başlayıblar.

Sözsüz ki, bu müharibədə Rusiyanın məğlubiyyəti heç də Ukraynanın Moskvanı fəth edəcəyi anlamına gəlmir, buna ehtiyac da yoxdur, müasir dövrümüzün şərtləri fərqlidir. Müharibənin sonunda Rusiyanın dağılacağını, parçalanacağını söyləyənlər öz fikirlərini tarixi analogiyalar üzərindən sübut etməyə çalışır, çoxsaylı tutarlı arqumentlər gətirirlər.

Rusiya-Ukrayna müharibəsinin “heç-heçə” ilə bitmə şansı çox azdır. Vladimir Putin müharibəni yalnız öz şərtləri əsasında sonlandırmağı düşünür. Anlaşılan odur ki, Rusiya rəhbəri ya reallığı qəbul etmək istəmir, ya da ki, nəyəsə arxayındır. 

Ehtimal ki, Putinə dünyanın böyük güclərinin pərdə arxasında tərtib etdikləri qlobal geostrateji planlar barəsində müəyyən məlumatlar ötürülüb və ona deyilib ki, gələcək perspektivdə Rusiyaya mühüm yer ayrılacaq. Ancaq bu cür konspiroloji ssenariləri bir anlıq yaxın buraxsaq belə, Putinin əminliyin arxasında döyüş meydanındakı real nailiyyətlər də dayanmalıdır. O isə görünmür. Əksinə, zaman irəlilədikcə Ukraynanın hərbi-texnoloji potensialı Rusiyanın müvafiq imkanlarına yaxınlaşır və hətta bəzi sahələrdə onu üstələyir. Əgər bir il əvvələ kimi Ukrayna dronları yalnız 500 kilometr uzaqdakı hədəfləri vura bilirdisə, indi onlar artıq 1700-2000 kilometr məsafə qət edirlər.

Təxminən bir il öncə Tramp Zelenskiyə deyirdi ki, “sənin kartın yoxdur”. Bəli, ola bilərdi ki, həmin dövrdə Ukrayna Rusiyanın dərinliklərinə zərbə vura bilmirdi və ya Ukrayna Silahlı Qüvvəlrinin(USQ) dron hücumlarının zərbə gücü və intensivliyi istənilən səviyyədə deyildi. Lakin elə həmin dövrdə də Ukrayna “əliyalın” deyildi, üstəlik ötən bir il ərzində öz hərbi sənayesinin imkanlarını xeyli artırdı. Ukrayna həmçinin, ballistik və qanadlı raketlərin istehsalında yaxşı nəticələr əldə etsə də, bu gün onun ən güclü kartı dronlardır.

Son günlər Ukraynanın dron zərbələri Rusiyanın istər hərbi, istərsə də mülki sənaye obyektlərini asanlıqla sıradan çıxarır. Məsələn, Ukrayna Silahlı Qüvvələrinin zərbə dronları Ukrayna sərhədindən 1700 kilometr uzaqda yerləşən Çelyabinsk şəhərinin Şaqol hərbi aerodromundakı döyüş təyyarələrini məhv edib. Onlardan ikisi rusların beşinci nəsil hesab etdikləri “Su-57” qırıcısıdır. Bundan əlavə, Ukrayna Rusiyanın neft terminallarını və iri neft müəssislərini tamamilə məhv etmək üçün zərbələri tez-tez təkralayır. Tuapse şəhərində yerləşən və 12 milyon ton emal gücünə malik Neft Emalı Zavodu bu qəbildən olan ən böyük müəssisələrdəndir. Həmin zavoda vurulan zərbə nəticəsində oradakı neftin bir qismi Tuapse çayı vasitəsilə Qara dənizə axıb, hətta bir gün ərzində “neft yağışı” da yağıb.

Permdəki və Orskdakı NEZ -in vurulması isə Rusiyanın əlçatmaz hesab etdiyi obyektlərin çox asan hədəfə çevrildiyindən və ən əsası isə ölkə iqtisadiyyatının işləmə mexanizminin iflic halına salınmasının mümükünlüyündən xəbər verir.

Beləlkilə, biz Ukrayna dronlarının necə sürətlə təkmilləşdiyinin şahidi olmaqla bərabər, Rusiyanın özünü qoruya bilmədiyini də görürük. Ukrayna zərbə dronlarının perspektivdə daha böyük dağıdıcı imkanlara malik olacağı şübhə doğrmur. Gələcəkdə bu hücumlar sırasına qanadlı və ballistik raketlərin qoşulması Rusiya üçün daha böyük problemlər yaradacaq. Müharibə Rusiyanın mülki iqtisadiyyatının resurslarını tükəndirir və onun böyümə potensialını dayandırır. Neft-qaz satışından gələn gəlirlər azladığından təsərrüfatın bir çox sahələrində tənəzzül əlamətləri qabarıq hiss olunur. Rusiyanın hazırda ən böyük maliyyə problemi büdcə kəsiridir, təkcə əyalətlərin ümumi büdcə kəsir 2 trilyon rubldur.

Rusiyanın bu müharibədə qarşılaşdığı ən böyük və eyni zamanda da hesaba qatmadığı ən xoşagəlməz problemi isə onun öz hərb tarixi boyunca həmişə rəqibləri üzərindəki təbii üstünlüyü olan canlı qüvvədən istənilən səviyyədə yararlana bilməməsidir. Artıq canlı qüvvədən “top yemi” kimi istifadə etmə taktikası gözlənilən səmərəni vermir. Müasir texnlogiyanın nailiyyətlərindən istifadə edən Ukrayna ordusu “FPV” dronları vasitəsilə Rusiyanı bu üstünlükdən böyük ölçüdə məhrum edir.

Rusiyada Putinin apardığı müharibənin mənasızlığını və ölkənin yavaş-yavaş tənəzzülə doğru sürükləndiyini görənlər az deyil. Müharibə başlayanda Vladimir Putini bütləşdirən, onun “strateji dühasından” dəm vuranların bir çoxu indi nəinki susurlar, hətta Putini bütün bəlaların baiskarı hesab edirlər. Belələri sırasında Pavel Qubarev və İlya Remeslo xüsusilə seçilirlər.

İlya Remeslo deyir ki, “hökumətdəki müxtəlif adamlarla əlaqələrim əsasında bilirəm ki, onlar Putinə gizlicə nifrət edirlər”. Onun sözlərinə görə, 2026-2027-ci ildə qlobal dəyişikliklər baş verəcək və saray çevrilişinə bənzər bir şeylə qarşılaşacağıq. Heç şübhə yoxdur ki, onun bu fikirləri FSB ilə razılaşdırmadan ictimailəşə bilməzdi. Deməli, belə başa düşmək olar ki, Rusiyanın yuxarı eşalonunda heç də hamı Putin kimi nəyəsə arxayın və sabahdan əmin deyil...

Bəs, Putinlə razılaşmayanların mövcud mürəkkəb vəziyyətdən çıxmaq üçün fərqli planları varmı? Rusiyada fundamental dəyişikliklər həyata keçirmək qabiliyyətinə malik elita varmı? 

Əlbəttə ki, yoxdur, çünki Putin və komandası belə bir elitanın yetişməsi üçün münbit zəmin qoymayıblar. Bu gün Kremlin Ukraynaya qarşı apardığı müharibənin əsas səbəbini təkcə Vladimir Putinin irəli sürdüyü tezislərdə yox, Rusiyanın xarakterində axtarmaq lazımdır. Rusiya imperiya olandan indiyədək üç tarixi mərhələdən keçib - imperiya dövrü, SSRİ və bu günkü Rusiya Federasiyası. Bu dövr ərzində Rusiya zahirdə yenilənməni imitasiya etsə də, mahiyyət baxımından köhnə paradiqmadan əl çəkməyib. Əgər Rusiyada hər hansı saray çevrilişi baş verərsə, bu, idarəetmənin mahiyyətinin yox, yalnız formasının dəyişməsinə gətirib çıxaracaq.

V.Nəsibov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
36
azpolitika.info

10Sources