ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentindəki çıxışı zamanı bildirib ki, Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatına ciddi təzyiq göstərir.
Onun sözlərinə görə, bu təzyiqlər fonunda Kreml ölkə daxilində informasiya axınını məhdudlaşdırır və internetə çıxış üzərində nəzarəti gücləndirir, bu da Rusiyanın “rəqəmsal Dəmir pərdə” arxasında qalması kimi qiymətləndirilir. Ursula von der Leyen vurğulayıb ki, tarix göstərir — divarlar gec-tez dağılır.
Uzunmüddətli perspektivdə belə sanksiyalar iqtisadi sistemə təzyiq göstərərək resurs çatışmazlığı, texnoloji geriləmə və xarici bazarlara çıxışın məhdudlaşması kimi nəticələr yarada bilər. Bu isə daxili sosial gərginliyi artırmaqla yanaşı, iqtisadi və siyasi sabitliyə də təsir göstərə bilər.
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra tətbiq olunan beynəlxalq sanksiyalar artıq öz ciddi mənfi təsirlərini göstərməkdədir. Onun sözlərinə görə, Rusiya ÜDM-nin böyük hissəsini müdafiə xərclərinə yönləndirdiyi üçün iqtisadi durum daha da ağırlaşır, Avropa İttifaqının son sanksiyaları isə xüsusilə neft-qaz ixracı və bank sektorunu hədəf alaraq müharibənin maliyyələşdirilməsini zəiflətməyə yönəlib.
Əli Orucov qeyd edib ki, ABŞ–İran gərginliyi kimi beynəlxalq proseslər Rusiyaya qısa müddətli nəfəs alsa da, bu, müharibənin maliyyələşmə yükünü kompensasiya etmir. Onun fikrincə, müharibənin uzanması və hərbi itkilərin artması daxildə narazılığı gücləndirir, Kremlin isə bu vəziyyətə cavabı informasiya məhdudiyyətləri və ictimai nəzarətin sərtləşdirilməsi olur.
Politoloq əlavə edib ki, Rusiyada artıq müharibə əleyhinə mövqelər və etiraz meylləri müşahidə olunur və bu tendensiyanın artması gözlənilir. Onun sözlərinə görə, Vladimir Putini ən çox narahat edən məsələ daxili sabitliyin pozulması və genişmiqyaslı etirazların baş qaldırmasıdır.
Ursula von der Leyen Avropa Komissiyasının Prezidenti kimi bu prosesləri Avropa Parlamentində qiymətləndirərək, sanksiyaların məqsədinin Rusiyanın müharibə imkanlarını məhdudlaşdırmaq və beynəlxalq hüquqa zidd davranışlara təzyiq göstərmək olduğunu bildirib.
İradə Cəlil,Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.