EN

Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO

Abşeron rayonunda yüksək təpəlik ərazilərdə istənilən ölçüdə torpaq sahələri almaq mümkündür. Bu torpağı ucuz qiymətə alırsan, şəhərin bütün mənzərəsi sənin olur. Bura qədər hər şey gözəl və cəlbedici səslənsə də, bu torpaqların sənədsiz, qazsız və susuz olduğunu öyrənəndə vəziyyət dəyişir.

Turkustan.az xəbər verir ki, AzTV komandası sözün əsl mənasında dağın ən yüksək hissəsinə gedib. Amma bu dağ artıq dağ olmaqdan çıxıb.

Çünki hər addımda bir fərdi yaşayış evi var. Bu mənzərə onu göstərir ki, evlərin sayı günü-gündən artmaqda davam edir.

Ərazidə xeyli sayda boş torpaq sahələri mövcuddur və bu sahələr artıq hasara alınıb, satışa çıxarılıb. Maraqlısı isə budur ki, bu torpaqları kim və necə satır?

Ərazidə yüzlərlə belə ev var. Tikilən hər 10 evdən yalnız birində çıxarış tapmaq mümkündür, digərləri isə sənədsizdir. Sakinlərin sözlərinə görə, əksər hallarda yalnız bələdiyyə sənədi təqdim olunur.

Bu bələdiyyə sənədini necə əldə etmək mümkündür? AzTV əməkdaşları bu məqsədlə Hökməli bələdiyyəsinə üz tutublar. Alıcı qismində yaxınlaşıb beş sot torpaq almaq istədiklərini bildiriblər.

Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs əməkdaşı satışda olan torpaq sahəsinə aparıb.

- Burada bir neçə belə sahə var. Yaxşı yerdir.

- Bələdiyyə sənədi verilir?

- Bəli, sənədlər var, qeydiyyat aparılır.

- Qazı, suyu, işığı varmı?

- Hələ yoxdur. Amma ev tikiləndən sonra çəkmək mümkündür.

- Çıxarış veriləcək?

- Hazırda bununla bağlı layihə hazırlanır. Torpaq komitəsində kadastr qeydiyyatı aparılıb, sonradan dövlət portalına yerləşdiriləcək.

Torpaq sahəsinin qiyməti ilə bağlı isə belə cavab verildi:

- Bu sahə təxminən 8 min manatadır. Amma bir az danışıq yeri var, daha ucuz da etmək olar.

Satıcı alıcıları əmin etməyə çalışır:

- Narahat olmayın, sabah başqa qurum gəlib əlavə pul tələb etməz.

Hətta tikintini necə tezləşdirmək barədə də "məsləhətlər" verilir:

- Əvvəlcə yavaş-yavaş başlayın, sonra işi sürətləndirərsiniz.

Göründüyü kimi, bu proses düşündüyümüzdən də asandır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Bildirildi ki, sorğu aidiyyəti şöbəyə yönləndirilib və araşdırma aparıldıqdan sonra məlumat veriləcək.

Chosen
24
50
turkustan.az

10Sources