AZ

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

Yazın gəlişi ilə təbiət canlanır, qışın donuq mənzərəsi yerini yaşıl örtüyə, hərəkətə və bioloji fəallığa verir. Ancaq bu oyanışın görünməyən tərəfi də var – xüsusilə şəhər və şəhərətrafı ərazilərdə yaşayanlar üçün narahatlıq doğuran amillərdən biri məhz ilanların aktivləşməsidir. Son günlər Bakı və Abşeron yarımadasının müxtəlif ərazilərindən daxil olan məlumatlar göstərir ki, sakinlər artıq həyətlərdə, binaların girişində, hətta pilləkənlərdə belə ilanlarla qarşılaşmağa başlayıblar.

Sakinlərin sözlərinə görə, vəziyyət getdikcə daha da narahatedici hal alır. İnsanlar həyətlərdə sərbəst hərəkət etməkdə çətinlik çəkir, uşaqların açıq havada oynaması riskli sayılır. Xüsusilə fərdi yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdə bu problem daha qabarıq hiss olunur. Bəzi hallarda ilanların zirzəmilərə, qarajlara və yarımtikililərə daxil olması isə təhlükənin miqyasını genişləndirir.

Mütəxəssislər bildirirlər ki, bu proses təbiətin qanunauyğun dövriyyəsinin bir hissəsidir. Qış aylarında passiv vəziyyətdə olan sürünənlər havaların isinməsi ilə birlikdə aktivləşir və qida axtarışına çıxırlar. Onların əsas cəlb olunduğu mühitlər isə daşlıq sahələr, qamışlıqlar, həmçinin uzun müddət baxımsız qalan, tullantılarla çirklənmiş ərazilərdir. Bu baxımdan urbanizasiya ilə təbiət sərhədlərinin iç-içə keçdiyi Bakı kimi şəhərlərdə belə halların artması gözlənilən sayılır.

Azərbaycanda rast gəlinən ilan növlərinin böyük əksəriyyəti zərərsiz olsa da, təhlükə potensialı yüksək olan növlər də mövcuddur. Xüsusilə gürzə kimi tanınan ilan növü zəhərli olması ilə seçilir. Onun sancması vaxtında tibbi müdaxilə edilmədikdə ciddi fəsadlara, hətta ölümə gətirib çıxara bilər. Bu səbəbdən mütəxəssislər ilan sancması zamanı təşvişə düşməməyi, dərhal tibbi yardım üçün müraciət etməyi tövsiyə edirlər.

image_1777814655068.jpg

Tanınmış herpetoloq Anar Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, zəhərli ilanlarla mübarizədə özəl təşkilatlar xüsusi fəallıq göstərirlər:

“İstər Fövqəladə Hallar Nazirliyində, İstərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyində zəhərli ilanlarla mübarizə aparan ayrıca şöbə yoxdur. Dövlət qurumlarının bu məsələ ilə bağlı ayrıca iş planının olduğunu müşahidə etməmişəm.  İnsanların ilanlarla bağlı narahatlıqları olarsa, özəl təşkilatlara müraciət edə bilərlər”.

Mütəxəssis ilanların olduğu təhlükəli əraziləri də açıqlayıb: 

“Yeni Yasamal, Şıxov, Bilgəh, Buzovna, Mərdəkan və Şüvəlan kimi ərazilərdə insanlar ehtiyatlı olsunlar. Bağ ətraflarında ilanların olması gözləniləndir. Bakının mərkəzində isə parklara gedərkən, orada piknik edərkən diqqətli olmaq lazımdır. İlan sancmaları olarsa, iki saat ərzində xəstəxanaların toksikologiya şöbələrinə müraciət etmək lazımdır. Yaxud da insanlar əraziyə yaxın təcili yardımı çağırsınlar. Bakı və Abşeron ərazisində gürzələr müşahidə olunur. Ehtiyatsız davrananda ilan sancması ölümlə nəticələnə bilər. Lakin ilan sancması həmişə ölüm demək deyil. Belə hallarda özünü itirməmək və ilkin tibbi yardımın göstərilməsi üçün müraciət etmək vacibdir".

Herpetoloq bildirib ki, insanlar müraciət edərsə, özəl şirkətlər şəxsi həyətlərdə dərmanlama işləri aparırlar və bu əraziyə ilanların keçməsinin qarşısını nisbətən alır:

“Parklarda və iaşə obyektlərində bunu müqaviləsiz etmək mümkün olmur. Əraziyə səlahiyyətli olan qurum, bələdiyyə və ya şəxs özü müraciət etməlidir ki, özəl qurum oranı dərmanlasın”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
22
50
musavat.com

10Mənbələr