EN

Milli Onkologiya Mərkəzində faciə: YENİ DETALLAR ÜZƏ ÇIXDI

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.

Turkustan.az Nocomment.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb.

U.Qarayeva bildirib ki, Asif Nəsirli Azərbaycanın yeganə uşaq radioloqu olaraq 18 ildir ki, radioloq işləyən, minlərlə həyatı xilas edən, minlərlə balanı sağlamlığına qovuşduran biri olub:

“Onun qətlinə sağaltdığı pasiyent cəhd etdi. Həmin adam 2025-ci ilin oktyabr ayında altı dəfə kimya alandan sonra sağ-salamat evə göndərilir. Asif Nəsirli onu sağaldır. Həmin adam düz bağırsaq xərçəngindən əziyyət çəkib, Asif həkim onu tamamilə sağaldır və göndərir evinə. Hətta yol pulunu da verir. Bir neçə ay sonra həmin adam qayıdır və öz xilaskarını öldürməyə cəhd edir, amma özü ölür. Xilaskarı isə indi həyat mücadiləsi verir”.

U.Qarayeva həmçinin A.Nəsirlinin peşəsinə sədaqətindən də danışıb:

“Təsəvvür eləyin, indi Azərbaycanda nə qədər xərçəng xəstəsi olan uşağın valideyninin ümidi kəsildi. Kimin yanına aparacaqlar? Radioloqlar çox gec yetişir. Ümumiyyətlə, onkologiya, onkoloqlar çox gec yetişir, çünki ağır peşədir, psixoloji çətinlikləri də var. Uşaq radiologiyası isə ümumən zülmdür. Bir çox həkim deyir ki, ümumiyyətlə, radioloq olmaq istəmirəm, uşaq radiologiyasını isə heç istəmirəm. Hətta bir həkim deyir, bir ay uşaq radiologiyası şöbəsinə keçdim. Gördüm ki, bir az da qalsam, ya dəli olacam, ya da öləcəm. Balaca-balaca uşaqlar – saçlar tökülüb, zarıyırlar, heç bilmirlər ki, nədən ağrıyırlar. Bir həkimin paylaşımında oxudum: deyir ki, soruşdum, Asif, necə bacarırsan balaca uşaqlara radiasiya verməyi? Dedi ki, sənin saçın ağarıb? Yox! Amma mənim saçım artıq bu yaşda ağarıb. Bax, belə həkimdir Asif həkim. Dərd çəkə-çəkə müalicə eləyirdi uşaqları. İndi ölümlə üz-üzədir”.

U.Qarayeva bildirib ki, hadisə baş verəndən cəmi 3 dəqiqə sonra onu əməliyyata salıblar. Həmin an bütün xəstəxana səfərbər olunub:

“Həmin o gecə dəqiq heç bir həkim evə getməyib. Hamı oradaydı, bütün personal. Göz qırpımında 10 litr qan yığıldı. Təsəvvür edirsiniz? Tez 5 litrini köçürüblər, bədəndə qan qalmayıb. O da bədənə nə qədər stress, nə qədər yükdür. Nəticədə bəlli olub ki, qəlpələrdən biri gedib beyin sapında ilişib qalıb. Orada cərrah müdaxiləsi çətindir, demək olar ki, mümkün deyil. Hərbi doktorlar da gəliblər və deyirlər ki, müdaxilə eləmək olmaz, beyin çox həssasdır. Və indi doktorun vəziyyəti çox ağırdır. Heç kim gözünü yummayıb, heç kim evinə getməyib. İndi doktorlar deyir ki, əlimizdən gələnin artığını etsək də, onu həyata qaytara bilmirik. Ən dəhşətlisi odur ki, onun xanımı da orada işləyir. Həkimlər deyir ki, üzünə baxa bilmirik, qaçırıq, üz-üzə gəlməkdən qorxuruq.

Onlar, ər-arvad gecə-gündüz ordakı xəstələr üçün əllərindən gələni edirdilər. Xanımı da, özü də gecə ilə gəlirdilər xəstəxanaya, əllərində dərmanlarla, radiasiya içində saatlarla… İnsanları xilas etmək üçün… İndi bütün həkimlər şokdadılar. Belə hadisə necə ola bilər? Biz nə edək xəstəxanalarda? Dəmir detektoru qoyaq biz, lentlər qoyaq ki, onun üstündən çantanı qoyub keçsinlər? Necə eləyək bunu? Həkimlərimizi necə qoruyaq, müəllimlərimizi necə qoruyaq biz?”

Aparıcı eyni zamanda sosial şəbəkədə yanlış məlumatların, dezinformasiyaların yayılmasına da etiraz edib.

Xatırladaq ki, Milli Onkologiya Mərkəzində baş verən hadisə nəticəsində qumbara partladan Mübariz Əliyev adlı şəxs həlak olub, həkim Asif Nəsirli isə ağır yaralanıb.

Chosen
23
50
turkustan.az

10Sources