AZ

Ya gəl, ya da bir işarə göndər, Leyla... Şəhriyar del Geranidən yeni şeir

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kulis.az Şəhriyar del Geraninin yeni şeirini təqdim edir.

İçimdə böyük şəhərlərin bazar günü dincliyi,

qəfildən bahar olmaq nadincliyi.

Başqa nə?

Bu sonuncu axşam da səninlə düşdü ömrümə…

Bu sonuncu axşam da səninlə düşdü ömrümə;

Bir sevda böyüdü qaranlığın bağrında - sənin adında

mənim düz yanımda

burda,

lap burda axşamım oldun.

Kim deyərdi unudaram Leylanı?

Kim deyərdi unudaram Leylanın gözlərini?

Əllərini unudacağım kimin ağlına gələrdi?

On il qabaq,

çox deyil, onca il qabaq bunu kimə desəydim, gülərdi.

Leyla bizi idilliya bilərdi…

Ya gəl, ya bir işarə göndər, Leyla.

Xatırlayıram həmin günün gecəsini;

Hansısa küçənin İslam Səfərliylə kəsişməsini,

gənclərin gitarada düşükləməsini,

dilənçi qızın sənin

məhz sənin canına and verməsini,

feillərin gedirsənini

sifətlərin gözəlsənini

gileylərin “niyə gedirsən?”ini

etirafların “necə gözəlsən…”ini

hamısını - ananı, rəfiqəni, qızını,

Şəhriyarı - adamların indi sənə ən özgəsini

xatırlayıram…

Ya gəl, ya bir işarə göndər, Leyla.

Bu səhər də günəş bəsimdi;

evimin pəncərəsində

bir göyərçin də olsa, kimsəmdi

bu şəhərdə.

Pəncərəsindən dəmir yolları görünsün evimin,

sevda çölləri.

Sevda - bilirsən, çöldü.

Zivəsində uşaq paltarları yellənən həyətlər

bütün arzuları öldürdüyüm nəhayətlər.

Kim deyərdi?

Leylanı unudacağım heç kimin ağlına gəlməzdi…

Qoy indi baxıb gülsünlər bu biçarə sənsizə,

mənə xoşbəxt olmağa yarım günəş də bəsdi.

Yarım gülüş də bəsdi qarşında… neyçün? Neyçün?

Neyçün həmişə nəsə çatmadı?

Bircə Allah bizi aldatmadı…

Tale nədirsə, odur!

Ömür bu deyil, odur!

Hava odur, su odur!

Torpaq odur, od odur!

Ayrılmaq ondan ayrılmaqdır!

Küsmək ondan küsməkdir!

Ondan deyilsə, ayrılıq deyil!

Ondan deyilsə, incimək deyil!

Ya gəl, ya bir işarə göndər, Leyla,

dua olmaq istəmişdim ovuclarında.

Məni taleyin əlindən al, xilas eylə…

Bağışlayaram.

Mən sevgini qarğışlardan

ümidi nağıl qışlardan

aldım ömrü aldanışlara

bağışladım…

Hansı quş,

de, hansı quş yuva quranda

insandan kömək istər?

3 may, 2026.

Bakı

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Məşhur aktyor vəfat etdi

“Mənim qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edildi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
50
kulis.az

10Mənbələr