“O vaxt idman naziri bu obyekti “toyxana kimi istifadə etmək” kimi “unikal” təklif də vermişdi. ETN-nin “İnnovasiya şəhərciyi” layihəsini də bu aqibət gözləyə bilər…”
“Bakıdakı Olimpiya stadionunun tikintisinə vaxtilə 600 milyondan çox investisiya cəlb edilmişdi, amma sonralar bu obyekt illərlə istifadəsiz qaldı, onun saxlanması və infrastruktur xərclərinə də hər il milyonlar israf edilir…”
“Bu gün qlobal iqtisadiyyat sürətlə dəyişir, platforma universitetlər, süni intellekt əsaslı təhsil, qlobal kontent bazarı formalaşır. Biz isə istehsalçı yox, istehlakçı olaraq qalarıqsa, onda risk yalnız geridə qalmaq deyil, əsas təhlükə tamamilə texnoloji oyundan çıxmağımız ola bilər…”
“Deməli, innovativ fəaliyyətdə bina yox, bilik prioritet olmalıdır. “İnnovasiya şəhərciyi” ideyası özlüyündə problem deyil. Problem onun zamanlaması və prioritetidir. Əgər hələ də innovasiya yoxdursa, onda şəhərcik simulyasiyadır, əgər sistem yoxdursa, bina boşdur…”
“Səmərəli innovasiya siyasəti formalaşdırmaq üçün, ETN menecerlərinə ilkin olaraq bəzi strateji təkliflər verə bilərik…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “İnnovasiya şəhərciyi paradoksu: bina var, innovasiya sistemi hələ də yoxdur…” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Formadan məzmuna niyə keçə bilmirik?..
Son illərdə Azərbaycanda “innovasiya”, “rəqəmsallaşma”, “startap ekosistemi” kimi anlayışlar dövlət proqramlarında, strategiyalarda, ictimai müzakirələrdə gündəmdədir. Bu gün rəqəmsallaşma, rəqəmsal transformasiya, innovativ inkişaf əsas diskurs elementlərinə çevrilib. Bütün bu məsələlər çox zəruridir, əgər proseslər elmi əsaslarla aparılarsa…
Bu kontekstdə ETN tərəfindən “innovasiya şəhərciyi”nin yaradılması təşəbbüsü ilk baxışda müsbət addım kimi görünə bilər. Lakin burada diqqət yetirilməli və müzakirə edilməli bir sıra suallar var.
İnnovasiya infrastrukturu qurulur, yoxsa innovasiya yaradılır?
İnnovasiya binalarda deyil, universitetlərdə yaranır...
Qlobal təcrübə göstərir ki, innovasiyanın əsas mənbəyi universitetlər, tədqiqat mərkəzləri, elmi məktəblər, insan kapitalıdır. MİT (Massachusetts Institute of Technology), Snetford (Stanford University) və Silikon vadisi kimi nümunələr göstərir ki, əvvəl bilik istehsalı, tədqiqat, akademik mühit formalaşır, yalnız bundan sonra, texnoparklar, innovasiya şəhərcikləri yaradılır. Azərbaycan modelində isə bu ardıcıllıq elə təhsilimizin özü kimi tərsinə qurulur: əvvəl bina, sonra ümid…
Əsas struktur problemimiz 30 illik investisiya boşluğudur...
ETN-nin bu sahədə yaratdığı silsilə problemlər sistem xarakteri daşıyır. Belə ki, universitetlərdə elmi tədqiqat zəifdir, qrant sistemi inkişaf etməyib, akademik mühit stimullaşdırılmır, innovasiya yönümlü layihələr maliyyələşdirilmir. Belə tərsinə qurulmuş elm və təhsil siyasəti nəticəsində hələ də bizdə innovasiya ekosistemi yoxdur, amma infrastrukturu qurulur.
“Beton iqtisadiyyatı” sindromu...
ETN-nin əsas səhvi budur ki, yenə də investisiyalar innovasiyaya deyil, tikintiyə edilir. Bu yanaşma məhşur iqtisadi fenomenə- “infrastruktur illüziyası” fenomeninə uyğundur. Yəni fiziki obyektlər inkişaf təsiri yaradır, görüntü yaradır, lakin real olaraq heç bir iqtisadi və texnoloji nəticə vermir. “İnnovasiya şəhərciyi” də, belə bir “innovativ inkişaf” illüziyası yaradır. Həqiqətən də, əgər ideyalar yoxdursa, boş məkan, əgər tədqiqat yoxdursa, dekorativ layihə, əgər insan kapitalı yoxdursa, funksiyasız struktur kimə və nəyə lazımdır?
Alternativ yanaşma resursların yenidən bölgüsüdür…
Məsələn, büdcənin kiçik hissəsi ( təxminən 20%) platforma və rəqəmsal layihələrə, əsas hissə isə (80 %) real innovasiya ekosisteminə yönəldilməlidir. Bu model daha az xərc, daha yüksək çeviklik, daha sürətli nəticə verə bilər.
Tarixi paralellər göstərir ki, simvolik layihələr risklidir. Vaxtı ilə təmtaraqla tikilən, bu gün istifadəsiz qalan iri infrastruktur layihələrini yada salaq. Bakıdakı Olimpiya stadionunun tikintisinə vaxtilə 600 milyondan çox investisiya cəlb edilmişdi, amma sonralar bu obyekt illərlə istifadəsiz qaldı, onun saxlanması və infrastruktur xərclərinə də hər il milyonlar israf edilir. Düzdür, o vaxt idman naziri bu obyekti “toyxana kimi istifadə etmək” kimi “unikal” təklif də vermişdi. ETN-nin “İnnovasiya şəhərciyi” layihəsini də bu aqibət gözləyə bilər…
Bu tip layihələrin ümumi xüsusiyyətlərinə nəzər yetirsək, görərik ki, yüksək ilkin investisiya, aşağı istifadə səviyyəsi, zəif iqtisadi geri dönüş. İndi “innovasiya şəhərciyi” də eyni taleyi yaşaya bilər.
Əsas problem texnologiyada yox, idarəetmə modelindədir…
Bəli, problem texnologiyada deyil, təhsil menecerlərinin düşüncəsində və idarəetmə modelindədir. Əgər universitetlər bilik istehsal etmirsə, müəllimlər və tədqiqatçılar stimullaşdırılmırsa, innovasiya siyasəti sistemli deyilsə, onda istənilən fiziki infrastruktur illərlə istifadəsiz, faydasız və passiv qalacaqdır.
ETN-nin innovasiya siyasətində əsas çatışmazlıqlar bunlardır:
1. Milli innovasiya sisteminin olmaması;
2. Universitetlərin zəif tədqiqatları;
3. Qrant və maliyyə mexanizmlərinin qeyri-effektivliyi;
4. İnsan kapitalına investisiyanın aşağı səviyyəsi;
5. Rəqəmsal platforma iqtisadiyyatının inkişaf etməməsi.
Strateji risk isə bizim oyundan kənarda qalma təhlükəsidir…
Bu gün qlobal iqtisadiyyat sürətlə dəyişir, platforma universitetlər, süni intellekt əsaslı təhsil, qlobal kontent bazarı formalaşır. Biz isə istehsalçı yox, istehlakçı olaraq qalarıqsa, onda risk yalnız geridə qalmaq deyil, əsas təhlükə tamamilə texnoloji oyundan çıxmağımız ola bilər. Texnologiyaların bu gün hərbi, siyası və iqtisadi inkişafda, milli təhlükəsizlikdə oynadığı mühüm rolu nəzərə alsaq, bu artıq ciddi narahatlıq yaradır…
Çıxış yolu sistemli transformasiyadır…
Səmərəli innovasiya siyasətini formlaşdırmaq və reallaşdırmaq üçün ciddi layihələrə, tədqiqatlara ehtiyac var. Biz öz tərəfimizdən, son 15 ildə ETN, RİNN, İN-ə bu yöndə bir sıra təkliflər vermişik. Hər dəfə də bu qurumlardan: “bunlar çox yaxşı təkliflərdir, amma bunları reallaşdırmağa maliyyəmiz yoxdur” cavabı almışıq. Lakin heç bir elmi və innovativ baxımındn altyapısı olmayan “İnnovasiya şəhərciyinə” yüz milyonlar tapılır…
Səmərəli innovasiya siyasəti formalaşdırmaq üçün, ETN menecerlərinə ilkin olaraq bəzi strateji təkliflər verə bilərik:
1. Universitet mərkəzli innovasiya modeli. Tədqiqat büdcələrinin artırılması, qrant sisteminin yaradılması.
2. İnsan kapitalına investisiya. Alimlərin, müəllimlərin, startapçıların elm-innovasiya yönümlü fəaliyyətləri təşviq edilməli, stimullaşdırılmalı, təçkil edilməli, maliyyələşdirilməlidir.
3. Rəqəmsal innovasiya platformalarının üstünlüyü. Xüsusən də Türkdilli ölkərələ, TDT ilə müştərək rəqəmsal platformalar yaratmaq, birgə layihələr icra etmək zəruridir. Bu aşağı xərc və yüksək miqyaslanma imkanı verə bilər.
4. Sektor fokuslanması. Azərbaycan kiçik dövlət olaraq, bütün sahələrdə deyil, öz imkanlarına uyğun olaraq seçilmiş istiqamətlərdə rəqabət aparmalıdır. Bu əsasən enerji, logistika, dövlət idarəetməsi, regiona uyğun texnologiyalar ola bilər…
Deməli, innovativ fəaliyyətdə bina yox, bilik prioritet olmalıdır. “İnnovasiya şəhərciyi” ideyası özlüyündə problem deyil. Problem onun zamanlaması və prioritetidir. Əgər hələ də innovasiya yoxdursa, onda şəhərcik simulyasiyadır, əgər sistem yoxdursa, bina boşdur…
Nəhayət ki, ETN menecerləri bilməlidirlər ki, innovasiya betonla yox, beyinlə qurulur. Əgər ölkənin təhsil sistemi 30 illik böhrandan çıxmazsa, universitetlər gücləndirilməzsə, elmi maliyyələşdirilməzsə, insan kapitalına yatırım etdilməzsə onda istənilən “innovasiya şəhərciyi” inkişaf mühərriki deyil, simvolik layihə olaraq qalacaq, investisiya da səmərəsiz olacaqdır.
İndiki qlobal iqtisadi çətinliklər dövründə, bizim belə simvolik layihələrə milyonlar sərf etməyə haqqımız yoxdur…”
Müəllif: dosent İlham Əhmədov