AZ

“Elm və Təhsil Nazirliyinin menecerləri bilməlidirlər ki, innovasiya betonla yox, beyinlə qurulur…” EKSPERT

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“O vaxt idman naziri bu obyekti  “toyxana kimi istifadə etmək”  kimi  “unikal”  təklif də vermişdi.  ETN-nin “İnnovasiya şəhərciyi” layihəsini də bu aqibət gözləyə bilər…”

“Bakıdakı Olimpiya stadionunun tikintisinə  vaxtilə 600 milyondan çox  investisiya cəlb edilmişdi, amma sonralar bu obyekt illərlə istifadəsiz qaldı, onun saxlanması   və infrastruktur xərclərinə də hər il milyonlar israf edilir…”

“Bu gün qlobal iqtisadiyyat sürətlə dəyişir,  platforma universitetlər, süni intellekt əsaslı təhsil, qlobal kontent bazarı  formalaşır. Biz isə istehsalçı yox, istehlakçı olaraq qalarıqsa,  onda risk yalnız geridə qalmaq deyil, əsas təhlükə tamamilə  texnoloji oyundan çıxmağımız  ola bilər…”

“Deməli, innovativ  fəaliyyətdə  bina yox, bilik prioritet olmalıdır. “İnnovasiya şəhərciyi”  ideyası özlüyündə  problem deyil.  Problem onun zamanlaması və prioritetidir. Əgər  hələ də innovasiya yoxdursa,  onda  şəhərcik simulyasiyadır, əgər  sistem yoxdursa,  bina boşdur…”

“Səmərəli  innovasiya siyasəti formalaşdırmaq üçün, ETN menecerlərinə ilkin olaraq bəzi  strateji təkliflər  verə bilərik…”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “İnnovasiya şəhərciyi  paradoksu: bina var,  innovasiya  sistemi hələ də yoxdur…” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Formadan məzmuna niyə  keçə bilmirik?..

Son illərdə Azərbaycanda “innovasiya”, “rəqəmsallaşma”, “startap ekosistemi” kimi anlayışlar dövlət proqramlarında, strategiyalarda, ictimai müzakirələrdə gündəmdədir.  Bu gün  rəqəmsallaşma, rəqəmsal transformasiya, innovativ  inkişaf  əsas  diskurs  elementlərinə çevrilib. Bütün bu məsələlər çox zəruridir, əgər proseslər  elmi əsaslarla aparılarsa…   

Bu kontekstdə  ETN  tərəfindən “innovasiya şəhərciyi”nin yaradılması təşəbbüsü ilk baxışda müsbət addım kimi görünə bilər. Lakin burada diqqət  yetirilməli və müzakirə edilməli bir sıra suallar var. 

İnnovasiya infrastrukturu qurulur, yoxsa  innovasiya  yaradılır?

İnnovasiya binalarda deyil, universitetlərdə  yaranır...

Qlobal təcrübə göstərir ki, innovasiyanın əsas mənbəyi  universitetlər, tədqiqat mərkəzləri, elmi məktəblər, insan kapitalıdır.  MİT (Massachusetts Institute of Technology), Snetford (Stanford University)  və Silikon vadisi kimi  nümunələr göstərir ki, əvvəl  bilik istehsalı,  tədqiqat,  akademik mühit formalaşır, yalnız bundan sonra, texnoparklar,  innovasiya şəhərcikləri  yaradılır. Azərbaycan modelində isə bu ardıcıllıq elə təhsilimizin özü  kimi  tərsinə qurulur:  əvvəl bina, sonra ümid…

Əsas struktur problemimiz  30 illik investisiya boşluğudur...

ETN-nin  bu sahədə  yaratdığı silsilə  problemlər   sistem xarakteri daşıyır. Belə ki,  universitetlərdə elmi tədqiqat zəifdir, qrant sistemi inkişaf etməyib, akademik mühit stimullaşdırılmır, innovasiya yönümlü layihələr maliyyələşdirilmir. Belə tərsinə qurulmuş elm və  təhsil siyasəti nəticəsində  hələ də bizdə innovasiya ekosistemi yoxdur, amma  infrastrukturu  qurulur. 

“Beton iqtisadiyyatı” sindromu...

ETN-nin  əsas səhvi  budur ki, yenə də investisiyalar innovasiyaya deyil, tikintiyə edilir.  Bu yanaşma məhşur  iqtisadi fenomenə-  “infrastruktur  illüziyası”  fenomeninə uyğundur. Yəni fiziki obyektlər inkişaf təsiri yaradır, görüntü yaradır, lakin real olaraq heç bir  iqtisadi və texnoloji nəticə vermir.  “İnnovasiya şəhərciyi”  də, belə bir “innovativ inkişaf”  illüziyası  yaradır. Həqiqətən də, əgər ideyalar yoxdursa,  boş məkan,  əgər tədqiqat yoxdursa,  dekorativ layihə, əgər insan kapitalı yoxdursa,  funksiyasız struktur kimə və nəyə lazımdır? 

Alternativ yanaşma  resursların yenidən bölgüsüdür…  

Məsələn, büdcənin kiçik hissəsi ( təxminən 20%) platforma və rəqəmsal layihələrə, əsas hissə isə (80 %)  real innovasiya ekosisteminə yönəldilməlidir.  Bu model  daha az xərc, daha yüksək çeviklik, daha sürətli nəticə verə bilər.

Tarixi paralellər göstərir ki, simvolik layihələr  risklidir.  Vaxtı ilə  təmtaraqla tikilən, bu gün istifadəsiz qalan iri infrastruktur layihələrini yada salaq. Bakıdakı Olimpiya stadionunun tikintisinə  vaxtilə 600 milyondan çox  investisiya cəlb edilmişdi, amma sonralar bu obyekt illərlə istifadəsiz qaldı, onun saxlanması   və infrastruktur xərclərinə də hər il milyonlar israf edilir. Düzdür, o vaxt idman naziri bu obyekti  “toyxana kimi istifadə etmək”  kimi  “unikal”  təklif də vermişdi.  ETN-nin “İnnovasiya şəhərciyi” layihəsini də bu aqibət gözləyə bilər… 

Bu tip layihələrin ümumi xüsusiyyətlərinə nəzər  yetirsək, görərik ki, yüksək ilkin investisiya, aşağı istifadə səviyyəsi, zəif iqtisadi geri dönüş.  İndi  “innovasiya şəhərciyi” də eyni taleyi yaşaya bilər. 

Əsas problem  texnologiyada  yox, idarəetmə modelindədir…

Bəli,  problem texnologiyada deyil,  təhsil menecerlərinin düşüncəsində  və idarəetmə modelindədir.  Əgər universitetlər bilik istehsal etmirsə, müəllimlər və  tədqiqatçılar stimullaşdırılmırsa, innovasiya siyasəti sistemli deyilsə, onda istənilən fiziki infrastruktur  illərlə istifadəsiz, faydasız və passiv qalacaqdır. 

ETN-nin  innovasiya siyasətində əsas çatışmazlıqlar bunlardır: 

1. Milli innovasiya sisteminin olmaması;

2. Universitetlərin zəif tədqiqatları;

3. Qrant və maliyyə mexanizmlərinin qeyri-effektivliyi;

4. İnsan kapitalına investisiyanın aşağı səviyyəsi;

5. Rəqəmsal platforma iqtisadiyyatının inkişaf etməməsi.

Strateji risk  isə bizim oyundan kənarda qalma  təhlükəsidir…  

Bu gün qlobal iqtisadiyyat sürətlə dəyişir,  platforma universitetlər, süni intellekt əsaslı təhsil, qlobal kontent bazarı  formalaşır. Biz isə istehsalçı yox, istehlakçı olaraq qalarıqsa,  onda risk yalnız geridə qalmaq deyil, əsas təhlükə tamamilə  texnoloji oyundan çıxmağımız  ola bilər. Texnologiyaların bu gün hərbi, siyası və iqtisadi inkişafda, milli təhlükəsizlikdə  oynadığı mühüm rolu nəzərə alsaq, bu artıq ciddi narahatlıq yaradır…

Çıxış yolu sistemli transformasiyadır…

Səmərəli  innovasiya  siyasətini  formlaşdırmaq və reallaşdırmaq üçün ciddi layihələrə, tədqiqatlara ehtiyac var. Biz öz tərəfimizdən, son 15 ildə ETN, RİNN, İN-ə bu yöndə bir sıra təkliflər vermişik. Hər dəfə də bu qurumlardan:    “bunlar çox yaxşı təkliflərdir, amma bunları  reallaşdırmağa maliyyəmiz yoxdur”  cavabı  almışıq.  Lakin  heç bir elmi və innovativ baxımındn  altyapısı olmayan  “İnnovasiya şəhərciyinə”  yüz milyonlar tapılır… 

Səmərəli  innovasiya siyasəti formalaşdırmaq üçün, ETN menecerlərinə ilkin olaraq bəzi  strateji təkliflər  verə bilərik: 

1. Universitet mərkəzli innovasiya modeli. Tədqiqat büdcələrinin artırılması, qrant sisteminin yaradılması.

2. İnsan kapitalına investisiya.  Alimlərin, müəllimlərin, startapçıların elm-innovasiya yönümlü  fəaliyyətləri təşviq edilməli, stimullaşdırılmalı, təçkil edilməli, maliyyələşdirilməlidir.  

3. Rəqəmsal innovasiya platformalarının üstünlüyü.   Xüsusən də Türkdilli ölkərələ, TDT ilə müştərək   rəqəmsal platformalar yaratmaq, birgə layihələr icra etmək zəruridir.  Bu aşağı xərc və  yüksək miqyaslanma imkanı verə bilər. 

4. Sektor fokuslanması.  Azərbaycan kiçik dövlət olaraq, bütün sahələrdə deyil, öz imkanlarına uyğun olaraq seçilmiş istiqamətlərdə rəqabət aparmalıdır. Bu əsasən enerji, logistika, dövlət idarəetməsi, regiona uyğun texnologiyalar ola bilər…  

Deməli, innovativ  fəaliyyətdə  bina yox, bilik prioritet olmalıdır. “İnnovasiya şəhərciyi”  ideyası özlüyündə  problem deyil.  Problem onun zamanlaması və prioritetidir. Əgər  hələ də innovasiya yoxdursa,  onda  şəhərcik simulyasiyadır, əgər  sistem yoxdursa,  bina boşdur…  

Nəhayət ki,  ETN menecerləri bilməlidirlər ki,  innovasiya betonla yox, beyinlə qurulur.  Əgər ölkənin təhsil sistemi 30 illik böhrandan çıxmazsa,  universitetlər  gücləndirilməzsə, elmi maliyyələşdirilməzsə, insan kapitalına yatırım etdilməzsə  onda istənilən “innovasiya şəhərciyi” inkişaf mühərriki deyil, simvolik layihə olaraq qalacaq, investisiya da səmərəsiz olacaqdır. 

İndiki  qlobal iqtisadi çətinliklər dövründə, bizim   belə  simvolik layihələrə  milyonlar sərf etməyə haqqımız yoxdur…”

Müəllif: dosent İlham Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
moderator.az

2Mənbələr