EN

Neft ticarəti və logistikası forumu başa çatdı

Dünən Bakıda keçirilən ikinci Xəzər və Mərkəzi Asiya neft ticarəti və logistikası forumu öz işini davam etdirib. Dəyişən qlobal mühit şəraitində nəqliyyat və infrastruktur, maliyyə aspektləri və sövdələşmələr, eləcə də ticarət strategiyaları kimi əsas istiqamətləri əhatə edən toplantının ikinci günü də müzakirə olunan məsələlər baxımından yaddaqalan olub.

Forum iştirakçıları əsas boru kəmərlərinin–CPC, BTC, Bakı-Supsa və digərlərinin mövcud gücləri və faktiki ötürmə həcmlərinin icmalı, Orta Dəhliz–Zəngəzur dəhlizinin mümkün açılmasından sonra gözlənilən logistika dəyişiklikləri, tranzit müddətinin azaldılması tədbirləri, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin statusu; liman gücləri və inkişafı – Ələt və Dübəndi (Azərbaycan), Aktau və Kurık (Qazaxıstan), Poti, Batumi və Kulevi (Gürcüstan); yük axınlarının artımına hazırlıq; Özbəkistanın logistika habı kimi rolu – Çin və Cənubi Asiya ilə ticarətdə formalaşan mövqeyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, təklif və mülahizələrini bölüşüblər.

“Central Asia Marketing” şirkətinin sahibi və təsisçisi Kolin Nesbet Qazaxıstandan neft məhsullarının sabit tədarükünü təmin etmək üçün Xəzər dənizinin hər iki tərəfində dəmir yolu və liman infrastrukturuna investisiyaların tələb olunduğunu vurğulayıb. Şirkət rəhbərinin sözlərinə görə, bu proses dövlət orqanları ilə koordinasiya edilməlidir. Qeyd olunub ki, büdcə məhdudluğunun yaratdığı problem səbəbindən bu sahədə təşəbbüs iri istehsalçıların özlərindən gəlməlidir. Onun sözlərinə görə, digər həll yolu Bakı və Kurık yaxınlığında dənizdə yerləşən müvəqqəti üzən terminallardır.

“Mərkəzi Asiya Marketinqi” şirkətinin təsisçisi və icraçı direktoru Kolin Nesbet isə çıxışında diqqəti Xəzər regionu ilə Cənubi Asiya arasında enerji əməkdaşlığının genişləndirilməsi çərçivəsində dəniz əsaslı neft daşımalarının alternativ modeli – təknöqtəli bağlama sistemi və tanker daşımaları konsepsiyasına yönəldib. Hazırda bu məsələnin ekspertlər tərəfindən müzakirə olunduğunu bildirən icraçı direktor deyib ki, sözügedən model Qazaxıstan və Azərbaycan sahillərində yerləşdiriləcək tək nöqtəli bağlama qurğuları vasitəsilə neftin birbaşa dəniz üzərindən daşınmasını nəzərdə tutur.

Kolin Nesbet logistika infrastrukturu məsələlərinə də toxunaraq qeyd edib ki, Xəzər–Mərkəzi Asiya dəhlizində mövcud tutum imkanları, bəzi hallarda həddindən artıq yüklənmə və marşrutların dəyişdirilməsi zərurəti yeni alternativ həllərin aktuallığını artırır. “Modelin əsas üstünlüklərindən biri də neftin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsidir. Bu marşrut, xüsusilə Bosfor boğazı kimi sıx və strateji keçidlərdən asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır, – deyə o əlavə edib.

SOCAR-ın Gürcüstanda, Qara dənizin sahilində yerləşən terminalının baş direktoru İsmayıl Kərimov bildirib ki, optimal iş rejiminə keçid Kulevi neft terminalının ötürmə gücünü iki dəfə artırmağa imkan yaradıb. Baş direktor rəhbərlik etdiyi şirkətin bu sahədə gördüyü işlərlə bağlı gələcək planlarından da ətraflı bəhs edib. Qeyd olunub ki, gələcəkdə hər birinin tutumu 20 min kubmetr olan 4 yeni yeni çənin tikintisi nəzərdə tutulur ki, buna da, təxminən, 25 milyon ABŞ dolları investisiya qoyuluşu tələb olunur. İşlərin isə 14 ay ərzində tamamlanması gözlənilir.

“Orbis Risk Partners” dənizçilik və logistika sahəsində ixtisaslaşmış beynəlxalq risk idarəetmə və sığorta brokeri şirkətinin direktoru Mayk Şou qeyd edib ki, Qırmızı dəniz və Hörmüz boğazı kimi strateji əhəmiyyətli marşrutlarda hərbi risk sığortası bazarı son dövrlərdə daha dinamik xarakter alıb və artıq ümumi sığorta yanaşması üçün keçərli deyil. Onun sözlərinə görə, hər bir gəmi üzrə əvvəlcədən razılaşdırma tələb olunur və sığorta qiymətləri gündəlik bazar dəyişikliklərinə həssasdır.

Şirkət direktoru deyib ki, müasir qlobal logistika mühitində risklərin idarə olunması artıq sığorta məhsulunun mövcudluğu ilə deyil, həm də operativ informasiya mübadiləsi və çevik qərarvermə ilə birbaşa bağlıdır.

“Synergy Consulting Inc” şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov isə bildirib ki, 2026-cı ildə təchizat zənciri maliyyəsində süni intellektin tətbiqi real vaxt rejimində maliyyə vəsaitlərinin izlənməsi və idarə olunması baxımından mühüm rol oynayır. Hazırda ixracatçılar likvidliyi artırmaq məqsədilə getdikcə daha çox debitor borclarının maliyyələşdirilməsindən istifadə edirlər ki, bu da dərhal nağd vəsait əldə etməyə imkan yaradır.

Bununla da ikinci Xəzər və Mərkəzi Asiya neft ticarəti və logistikası forumuna yekun vurulub.

M.YAQUBZADƏ
XQ

Chosen
23
xalqqazeti.az

1Sources