EN

YAP çı deputatdan Mamdaniyə etiraz

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Nyu-York şəhərinin Bələdiyyə sədri Zohran Kvame Mamdani Azərbaycan əleyhinə bəyanat verib.

Belə ki, mer Mamdani həmin bəyanatında deyib:

“Bu gün Erməni Soyqırımının 111-ci ildönümüdür. Osmanlı İmperiyası tərəfindən müasir Türkiyə, Suriya və Ermənistan ərazilərində qətlə yetirilmiş 1,5 milyon ermənini anarkən, tarixin təkrarlanmasına imkan verməməliyik. 2020-ci ildə Azərbaycan və Türkiyənin hərbi qüvvələri Dağlıq Qarabağdakı erməni əhalisinə hücum etdi. 2023-cü ildə isə Azərbaycan 100 mindən çox ermənini Dağlıq Qarabağdan qovdu və bununla da 100 ildən artıq əvvəl başlamış soyqırımı kampaniyasını davam etdirdi. Bu anım günündə biz erməni xalqının, eləcə də bütün xalqların azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyin etmə hüququnu bir daha təsdiqləyirik”.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Nyu-Yorkun şəhər Meri Mamdaninin “X” hesabında 24 aprel “sözdə erməni soyqırım” ilə bağlı paylaşdığı bəyanata cavab yazıb.

Həmin cavabı təqdim edirik:

“24 apreldə “qondarma erməni soyqırımı” ilə bağlı Sizin bəyanatınızı oxudum. Uzun illər siyasətdə olan biri kimi, sizin yalan və yanlış məlumatlara əsaslanan bu bəyanatı nə üçün  verdiyinizi və mövqeyinizi başa düşdüm. Bu Bəyanatınızla siz həm də Nyu-York meri vəzifəsini necə qazandığınızın sirrini də nümayiş etdirdiz. Çünki hər kəs Amerikada Nyu-York meri vəzifəsini qazanmağın nə qədər çətin olduğunu və hansı şərtlər altında qazanıla biləcəyini bilir. ABŞ-də seçkilərdə qalib gəlməyin sirri dünyada heç kimə sirr deyil. Seçkiləri qazanmağın yolu və zəmanəti, namizədin ya yəhudi lobbisini, ya da erməni lobbisini seçməsindən asılıdır. Erməni lobbisinin dəstəyini almağın əsas şərtlərindən biri isə seçiləcəyiniz təqdirdə “qondarma erməni soyqırımı”nı tanıyacağınızı və onu bütün fəaliyyətiniz dövründə gündəmdə saxlayacağınızı açıq və rəsmi bəyan etməkdir. ABŞ-də seçkilərin tarixi təcrübəsi də bunu sübut edir. Hər kəs bunun nə demək olduğunu bilir. Bu gün də ABŞ-də prezident, senator və konqres seçkilərində iştirak edən namizədlərinin bu iki lobbidən birinin dəstəyi və maliyyələşdirilməsi olmadan qalib gəlməsi çox çətindir. ABŞ ictimaiyyəti arasında yəhudi lobbisinin getdikcə azalan nüfuzunu və təsir gücünü gələcək perspektiv baxımından siz çox ustalıqla qiymətləndirərək erməni lobbisi ilə birlikdə seçkilərdə iştirak etməyə üstünlük vermisiz.  Və bunun nəticəsi kimi də “erməni lobbi” və diaspora təşkilatları ilə birgə Nyu-York meri vəzifəsini qazandız. Şübhəsiz ki, siz 20-ci əsrdə Türkiyə və Azərbaycanda ermənilərin törətdiyi cinayətlərdən, 1987-91-ci illərdə indiki Ermənistan ərazisindən üç yüz mindən artıq müsəlman azərbaycanlıların ( Qərbi azərbaycanlıların) deportasiya və etnik təmizləməyə məruz qalmasından və Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsindən ( bu qətnamələrdə Ermənistan işğalçı adlandırılır) xəbərdarsınız. Həmçinin əminik ki, siz ötən il avqustun 8-də Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Sülh Zirvəsindən və bu zirvədə imzalanan Sülh Sənədlərindən məlumatlısız. Əslində, artıq həm beynəlxalq ictimaiyyət, həm də Amerika ictimaiyyəti çox yaxşı bilir ki, “qondarma erməni soyqırımı” ermənilər tərəfindən uydurulmuş yalandır. Tarix və arxivlər də bunu sübut edir. Bu gün “qondarma erməni soyqırımı” Amerika ictimaiyyətinin gündəliyində belə yoxdur. Gündəmdə hansı problemin prioritet olduğunu da siz çox yaxşı bilirsiniz. Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdığı və sülh razılaşmasının imzalanacağının gözlənildiyi bir mərhələdə sizin bəyanatınız bu proseslərə mənfi təsir göstərmək niyyəti kimi xarakterizə edilə bilər. Təbi ki, siz, Zöhran Məmdani, “erməni lobbisinin” dəstəyini qəbul edərkən verdiyiniz “qondarma erməni soyqırımını tanımaq” vədinə sadiq qalmaq öhdəliyiniz var və buna məcbursuz. Amma çalışın ki, “erməni lobisinin” əsiri olmayasız. Sonda demək istəyirəm ki, bu bəyanatınızla Qəzzada baş verənlərlə bağlı fikirlərinizin səmimi olmaması görünür. Heç bir müsəlman İslam Konfransı Təşkilatının da Xocalı Soyqırım kimi qəbul etdiyi xüsusi qətnaməyə biganə qala bilməz. 1992-ci il fevralın 26-da qarlı və buzlu gecədə Azərbaycanın Xocalı şəhərində minlərlə müsəlmanın (hamilə qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla) erməni quldurları tərəfindən tamamilə məhv edilməsi göz ardına verilməsi insanlıqdan xaricdir. Tarixə Xocalı soyqırımı kimi düşmüş erməni cinayətləri haqda sizin vətəndaşı olduğunuz ABŞ-nin ondan çox ştatında rəsmi sənədlər qəbul edilmişdir. Son olaraq, sizin bu bəyanatınızla bələdiyyə seçkiləri zamanı, Qəzza hadisələri ilə bağlı mövqeyinizin də insani deyil, siyasi olduğu göründü. Azərbaycan-Ermənistan arasında arasında dövlətlərarası münasibətlərin normallaşma proseslərini və sülh razılaşmasının imzalanacağını sizin də iş birliyində olduğunuz erməni lobisi də daxil olmaqla, bir sıra qüvvələr pozmağa çalışsalar da, iflasa məruz qalıb, ifşa olacaqlar. Odur ki, nə qədər gec deyil, bu qüvvələr bu yoldan vaz keçməlidirlər.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
80
50
icma.az

10Sources