EN

İran müharibəsi və yanacaq qiymətləri artımı fonunda Trampın reytinqi kəskin düşüb

Sorğular göstərir ki, ABŞ prezidentinə dəstək rekord səviyyədə azalıb və əhalinin əksəriyyəti onun siyasətindən narazıdır…

ABŞ prezidenti Donald Trampın reytinqi İranla müharibə və yanacaq qiymətlərinin artması fonunda rekord səviyyədə geriləyib.

Poliqon xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, min nəfərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin cəmi 40 faizi Trampın fəaliyyətini dəstəkləyir. Bu göstərici əvvəlki rüblə müqayisədə 5 faiz bəndi azdır. Eyni zamanda, iştirakçıların 58 faizi prezidentin fəaliyyətini bəyənmədiyini bildirib ki, bu da əvvəlki dövrlə müqayisədə 6 faiz bəndi artım deməkdir.

Trampın xalis reytinqi (dəstək və narazılıq arasındakı fərq) 10 bənd azalaraq -18 səviyyəsinə düşüb ki, bu da onun hər iki prezidentlik dövrü ərzində ən aşağı göstərici hesab olunur. CNBC qeyd edir ki, bu, Trampın reytinqində ən kəskin enişdir. Bundan əvvəl oxşar düşüş koronavirus pandemiyası dövründə qeydə alınmışdı.

Sorğunun nəticələrinə görə, prezidentin reytinqi hətta respublikaçılar arasında da zəifləyib. Bu elektoratda dəstək 8 faiz azalaraq 82 faizə düşüb, narazılıq isə 9 faiz artıb. Analitiklər bu dəyişiklikləri İranla müharibə, neft qiymətlərinin yüksəlməsi və ümumi iqtisadi siyasətə olan narazılıqla izah edirlər.

İqtisadi sahədə Trampın fəaliyyətini respondentlərin yalnız 39 faizi müsbət qiymətləndirib, 60 faizi isə əks mövqe bildirib. Eyni zamanda, amerikalıların əksəriyyəti İranla müharibəni də dəstəkləmir. Sorğuda iştirak edənlərin 48 faizi hərbi əməliyyatlar səbəbindən özlərini daha az təhlükəsiz hiss etdiklərini deyib, yalnız 30 faizi isə əksini düşünür.

Bundan əlavə, respondentlərin 64 faizi İranla müharibənin ABŞ üçün çəkilən maliyyə xərclərinə və yanacaq qiymətlərinin artımına dəymədiyini hesab edir. Bu göstəricilər ABŞ cəmiyyətində həm təhlükəsizlik, həm də iqtisadi məsələlərlə bağlı narazılığın artdığını nümayiş etdirir.

Poliqon.info

Chosen
79
50
poliqon.info

10Sources