AZ

ABŞ kəşfiyyatı: İran hərbi potensialının böyük hissəsini qoruya bilib...

Tehran atəşkəs qüvvəyə minənədək ballistik raket arsenalının təxminən yarısını, SEPAH Hərbi Dəniz Qüvvələrinin isə əhəmiyyətli hissəsini itirməyib...

Poliqon xəbər verir ki, bu barədə CBS News telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlimatda qeyd edilir ki, İran ABŞ və İsrailin İslam Respublikasının ərazisinə endirdiyi zərbələrə baxmayaraq, hərbi potensialının mühüm hissəsini qoruyub saxlayıb.Kəşfiyyat məlumatları ilə tanış olan amerikalı rəsmilərin qiymətləndirməsinə görə, aprelin 8-də qüvvəyə minən atəşkəs rejiminə qədər İran ballistik raket arsenalının və buraxılış qurğularının təxminən yarısını öz nəzarətində saxlayıb.

Mənbələrin bildirdiyinə görə, İranın hərbi-dəniz qüvvələri ciddi itkilərlə üzləşsə də, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin imkanlarının təxminən 60 faizi toxunulmaz qalıb. Buraya Hörmüz boğazı ətrafında əməliyyatlarda istifadə olunan sürətli katerlər də daxildir.

Amerikalı rəsmilər hesab edirlər ki, İranın hərbi-hava qüvvələri də tam sıradan çıxarılmayıb. Onların qiymətləndirməsinə əsasən, İran aviasiyasının təxminən üçdə ikisi hələ də istifadəyə yararlı vəziyyətdə qalır.

Bu qiymətləndirmələr ABŞ Prezidenti Donald Tramp və Pentaqonun rəhbəri Pit Heqset də daxil olmaqla, ABŞ administrasiyasının bəzi yüksəkvəzifəli nümayəndələrinin açıqlamaları ilə ziddiyyət təşkil edir. Həmin açıqlamalarda İranın hərbi imkanlarının daha genişmiqyaslı şəkildə məhv edildiyi iddia olunurdu.

Yayılan məlumatlar göstərir ki, İranın hərbi infrastrukturu ağır zərbələr alsa da, ölkənin strateji imkanlarının tamamilə sıradan çıxarıldığını söyləmək hələ tezdir. Bu isə regiondakı hərbi balans, xüsusilə də Hörmüz boğazı kimi kritik ərazilərdə təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələri daha da aktuallaşdırır.

Poliqon.info

Seçilən
32
37
poliqon.info

10Mənbələr