Milli Preventiv Qrupunun üzvləri tərəfindən Bakıda yerləşən 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə plandankənar başçəkmə həyata keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Elm və Təhsil Nazirliyinin Bakı şəhərində yerləşən 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Milli Preventiv Qrupunun üzvləri tərəfindən həmin müəssisəyə plandankənar başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı uşaqların sağlamlıq, o cümlədən təhlükəsiz və sağlam şəraitdə yaşamaq hüquqlarının təmini məsələləri yerində araşdırılıb.
Milli Preventiv Qrup üzvləri tərəfindən uşaqlarla fərdi qaydada söhbətlər aparılıb, onların vəziyyəti ilə maraqlanılıb, narahatlıq doğuran məsələlər öyrənilib.
Müəssisə rəhbərliyi və aidiyyəti əməkdaşlarla da görüş keçirilərək baş vermiş hadisənin səbəbləri və nəticələrinin aradan qaldırılması istiqamətində görülmuş tədbirlər barədə məlumatlar əldə edilib.
Qeyd edilib ki, məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.