Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Litva Baş naziri İnqa Ruqinienenin aprelin 8-dəki səfərinin ardından Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri onu göstərir ki, burada təkcə ikitərəfli əməkdaşlıqdan söhbət getmir. Onlardan da əvvəl ötən ilin 22 oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycanda olmuşdu və ölkəsinin Bakıda səfirlik açmaq niyyətini bildirmişdi. Demək ki, Azərbaycanla Baltikyanı region arasında əməkdaşlığın yeni mərhələsi başlayır. Bu, eyni zamanda regionlararası əməkdaşlıq üçün də böyük perspektivlər açır”.
Ölkə.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Onun fikrincə, Baltikyanı ölkələr Cənubi Qafqazın önəminin və geosiyasi subyektliyinin artdığını, burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin oynadığı müstəsna rolu görür, ona da uyğun praqmatik siyasət yeritməyə çalışırlar:
“Çalışırlar deyəndə, mən əslində Litvanı nəzərdə tuturam. Latviya həmişə iki ölkə arasındakı strateji tərəfdaşlıq anlaşması çərçivəsində hərəkət edib. Amma İkinci Qarabağ savaşından sonra Litvanın heç də beynəlxalq hüquqa, özünün dövlət maraqlarına və Vilnüsdə 13 sentyabr 2007-ci ildə imzalanan "Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə"yə uyğun gəlməyən davranışları olub. Sözügedən ölkənin Baş nazirinin 8-10 aprel səfəri ilə o səhifə necə deyərlər, qapadılmış sayıla bilər. Görünür, artıq orada da fərqindədirlər ki, hətta əsas niyyətləri Ermənistana yaxşılıq etməkdirsə belə, Cənubi Qafqazda sülhdə maraqlı olmalı və burada sülhü təmin edən ölkə ilə praqmatik əlaqə qurmalıdırlar. Hazırda da bu, baş verir”.
Onun sözlərinə görə, Azərbaycanla Latviya və ümumiyyətlə, Baltikyanı ölkələr arasında ticarət dövriyyəsi elə də çox deyil və yüz milyon avrodan azca artıqdır ki, onun da yarısı məhz Latviyanın payına düşür. “Ancaq keçən il Azərbaycanın Latviya ilə ticarət dövriyyəsi 2024-cü ildəki göstəricini 43 faiz keçərək 59 milyon avroya çatmışdısa, Estoniya ilə iki dəfədən çox artıb və 27,54 milyon avro olub. Yəni müsbət dinamika nəzərə çarpır. Litva ilə ticarət dövriyyəmizin həcmi isə ötən il 24,4 milyon avro idi və sözügedən ölkənin Baş nazirinin səfəri zamanı da vurğulandığı kimi, yaxın perspektivdə onun 5-10 dəfə artırılması arzusu, eyni zamanda da potensialı var”, -o vurğulayıb.
Deputat onu da qeyd edib ki, Azərbaycanla Baltikyanı ölkələr arasında əlaqələrin yeni mərhələsinə keçidi şərtləndirən əsas amil isə dövlətimizin regionda yaratdığı yeni geosiyasi reallığın onların da maraqlarına tam cavab verdiyinin dərk edilməsidir: “Bu vəzifəyə seçilməmişdən əvvəl Estoniyanın baş naziri kimi fəaliyyət gösətrdiyini nəzərə alaraq, düşünürəm ki, burada düz bir il əvvəl Bakıda səfərdə olan Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın da müəyyən rolu olub.
Beləliklə, bu səfərlər də təsdiqləyir ki, Rusiya və İrandan yan keçən kommunikasiya xətlərinə, Orta Dəhlizə Baltikyanı ölkələrin də marağı get-gedə artmaqdadır. Eyni zamanda onlar üzvü olduqları Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın artan rolunu da görməyə bilmirlər. Və üstəlik, Rusiya-Ukrayna savaşı Baltikyanı ölkələr üçün təhlükəsizlik məsələlərini bir nömrəli prioritetə çevirib ki, məncə, bu baxımdan da bizim təcrübəni öyrənməklə yanaşı əməkdaşlığa da ehtiyacları var.
Bütün hallarda Azərbaycanla Baltikyanı ölkələr arasında əməkdaşlığın dərinləşməsi həm ikitərəfli, həm də çoxtərəfli, yəni regional önəm kəsb edir və Latviya prezidentinin səfəri də burada öz müsbət təsirini göstərəcək”.
Mürtəza
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.