EN

Sosial şəbəkədə yaş məhdudiyyəti olacaq

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əhalinin əksəriyyətinin, xüsusilə də uşaqların və gənclərin kompüter qarşısında keçirdikləri uzun saatlar manipulyasiya, rəqəmsal zorakılıq, dezinformasiya, nifrət, ədəbsiz məzmun, şəxsi həyatın toxunulmazlığına müdaxilə, fırıldaqçılıq və kibertəhlükəsizliyə dair narahatlıqları artırıb. 

Ölkələri müxtəlif səbəblərdən smartfon (“ağıllı” telefon) və sosial media platformalarına tənzimləmələr, məhdudiyyətlər və qadağalar qoymağa məcbur edib.

Tədqiqatlar göstərir ki, sosial media və smartfonlardan həddindən artıq istifadə uşaqlarda narahatlıq, diqqət çatışmazlığı, hiperaktivliyi pozuqluğu və depressiya kimi psixi sağlamlıq pozğunluqlarının, aqressiyanın artmasına, həmçinin pis duruş və piylənmə kimi fiziki sağlamlıq problemlərinə səbəb olur. 

Son illər uşaqlarda özünü göstərən mənfi fəsadların qarşısının almaq üçün bir sıra ölkələr 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qərarlar qəbul edirlər.   

Fransa 2023-cü ildə 15 yaşından kiçik uşaqlar üçün sosial media hesabları yaratmaq üçün valideynlərin razılığını tələb edən qanun qəbul edib. Prezident Emmanuel Makronun sədrlik etdiyi komissiya 2024-cü ilin aprel ayından 11 yaşından kiçiklər üçün mobil telefonlar, 13 yaşından kiçiklər üçün isə internetə qoşulan telefonların qadağan edilməsi də daxil olmaqla, daha sərt qaydaların tətbiqini tövsiyə edib.

Almaniyada yaşı 16-dan az olan yetkinlik yaşına çatmayanların sosial mediadan istifadə etməsi üçün valideynin razılığı tələb olunsa da, qeydiyyat zamanı bu razılığın yoxlanıla bilməməsi və ya doğum haqqında yanlış məlumatların verilməsi qaydanın tətbiqini çətinləşdirir.

Ölkədə Hessen əyaləti hökumətinin məktəblərdə şagirdlərin smartfonlardan istifadəsini qadağan etməyi planlaşdırdığı bildirilir. Belçikada 2018-ci ildə tətbiq edilən qanunla valideyn icazəsi ilə sosial media hesabı açmaq üçün minimum yaş həddi 13, İtaliyada isə 14 yaşından kiçiklər üçün sosial media hesabı açmaq üçün valideynlərin icazəsi tələb olunur.

Braziliya Konqresi 20 dekabr 2024-cü ildə ibtidai və orta məktəblərdə cib telefonlarından istifadəni qadağan edən tənzimləmə qəbul edib. Qanun fevralın 14-də Prezident Luiz İnasio Lula da Silvanın təsdiqi ilə qüvvəyə minib. 

Yeni reqlamentə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.

Avstraliya Senatı 2024-cü il noyabrın 28-də 16 yaşından kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun layihəsini qəbul edib. 

Türkiyə parlamenti də 15 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edən qanun layihəsini qəbul edib. Sənədə əsasən, qanun qüvvəyə mindikdən sonra 15 yaşından kiçik şəxslər sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməyəcəklər. 

Qanun həmçinin rəqəmsal platformalardan yaş yoxlama sistemləri qurmağı tələb edir. Bundan başqa, valideynlər uşaqların ekran vaxtına və onlayn xərclərinə nəzarət etmək üçün alətlər əldə edəcək, “fövqəladə vəziyyətdə” isə böyük sosial şəbəkələr zərərli məzmun meydana çıxdıqdan sonra bir saat ərzində müdaxilə etməli olacaqlar. Qanun rəsmən dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycanda da ölkə başçısı tərəfindən “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. 

Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

Həmçinin sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görsün.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
53
24
cebheinfo.az

10Sources