ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 yaşını tamamlamamış uşaqların sosial media platformalarına çıxışını qadağan edən qanun qəbul edilib.
Yeni tənzimləməyə əsasən, sosial şəbəkə platformaları 15 yaşdan aşağı istifadəçilərə xidmət göstərə bilməyəcək və yaşın təsdiqi üçün zəruri mexanizmlər tətbiq ediləcək. 15 yaşdan yuxarı, lakin yetkinlik yaşına çatmayan istifadəçilər üçün isə ayrıca məhdudlaşdırılmış xidmət formatı təqdim ediləcək.
Ölkəmizdə də belə bir tənzimləməyə ehtiyac varmı?
Media eksperti Səbinə İzzətli Redaktor.az-a açıqlamasında bildirdi ki, istər dünyada, istər bizim ölkədə uşaqların sosial mediadan istifadəsi ilə bağlı narahatlıqlar artıb:
"İlk növbədə sosial medianın psixoloji təsiri bir çox tədqiqatçıları narahat edir. Sosial medianın asılılıq yaratması, diqqət dağınıqlığı yaratması kimi narahatlıqları var. Eyni zamanda kiber təhlükələr də narahatlıq doğuran məsələlərdəndir. Uşaqların da böyüklər kimi sosial mediadan istifadə edərkən yanlış informasiya və manipulyasiya ilə üzləşməsi problemləri var. Bu səbəblərdən bir çox ölkələrdə artıq müəyyən tənzimləmələr aparılır. İlk növbədə çalışırlar ki, yaş həddini artırsınlar. Sosial platformalardan istifadə yaşı 15-16 yaşa qalxıb. Hesab edirəm ki, Azərbaycanda da uşaqların sosial mediaya çıxışı demək olar ki, nəzarətsizdir və erkən yaşdan başlayır. Artıq 10-12 yaşlı uşaqların aktiv istifadəçi olması normal sayılır. Bu isə riskləri artırır. Əlbəttə ki, tam qadağa mümkün deyil. Çünki qadağa həm də gizli istifadəyə səbəb ola bilər, bu isə rəqəmsal savadlılığı inkişaf etdirmək əvəzinə onu əksinə məhdudlaşdırmış olur".

Müsahibimizin fikrincə, daha balanslı yanaşma mütləqdir:
"Yəni burada yaş limiti, valideyn razılığı sistemi düzgündür. Eyni zamanda platformaları istifadəyə verən şirkətlərin qarşısında da müəyyən məsuliyyət qoymaq lazımdır. Yəni onların qarşısına uşaq kontentinə filtr kimi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsuliyyəti qoymaq lazımdır. Eyni zamanda məktəblərdə rəqəmsal savadlılıq dərsləri mütləq şəkildə keçirilməlidir. Maarifləndirmə işləri də görülməlidir. Vaxt limiti, eləcə də sosial media platformalarından istifadənin tənzimlənməsi mexanizmləri haqqında cəmiyyətdə maarifləndirmə olmalıdır. Biz görürük ki, əslində bu mövzu hüquqi prosedurdan çox təhsil və mədəniyyət məsələsidir. Yəni uşağa qadağa qoymaqdan çox, ona necə istifadə etməyi öyrətmək daha uzunmüddətli nəticə, yəni effekt verə bilər.
Dünya təcrübəsinə baxdıqda görürük ki, təkcə qadağalar işləmir. Yaş limitinin tətbiq olunması, valideyn nəzarəti, platformanı yaradan, platformanı istifadəyə verən şəxslərin üzərində olan məsuliyyət və üstəgəl rəqəmsal savadlılıq – mənə elə gəlir ki, bunların hər biri kompleks halda işləyərsə, o zaman biz cəmiyyətdə də uşaqların sosial media platformalarında təhlükəsiz istifadəsi hallarını müşahidə etmiş olarıq".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.