EN

Tədqiqatçı alim: Floranın mühafizəsi üçün elmi qurumlar, dövlət strukturları, QHT lər birgə fəaliyyət göstərməlidir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan florasının qorunması üçün optimallaşdırılmış idarəetmə mexanizmlərinə ehtiyac var. Buraya qorunan ərazilərin şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin inventarizasiyası, yerli icmaların maarifləndirilməsi və elmi məlumatların qərarverici strukturlara inteqrasiyası daxildir.

Bərpaedici tədbirlər sırasında deqradasiyaya uğramış ərazilərin yaşıllaşdırılması, yerli bitki növlərinin introduksiyası və toxum banklarının yaradılması mühüm rol oynayır. Eyni zamanda, bitki genofondunun qorunması milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, professor Elşad Qurbanov söyləyib. O qeyd edib ki, floranın mühafizəsi yalnız elmi qurumların işi deyil. Dövlət strukturları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və yerli icmalar bu prosesdə birgə fəaliyyət göstərməlidir. Elmi-tədqiqat işlərinin nəticələrinin praktiki qərarlara çevrilməsi üçün institusional əlaqələrin gücləndirilməsi zəruridir. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, monitorinq nəticələrinin açıq məlumat bazalarına inteqrasiyası və ictimai nəzarətin təşviqi problemlərin həllində mühüm rol oynayır.

“Azərbaycan florasının biomüxtəlifliyi təkcə təbiət sərvəti deyil, həm də elmi, iqtisadi və mədəni irsdir. Botaniki-coğrafi rayonlar üzrə aparılan taksonomik və ekobotaniki tədqiqatlar ölkənin ekoloji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyət daşıyır. Monitorinq, proqnozlaşdırma və optimallaşma tədbirləri elmi əsaslarla həyata keçirildiyi təqdirdə nadir və təhlükə altında olan bitkilərin qorunması mümkün olacaq”, - deyə alim bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
1
azertag.az

2Sources