Futbol üzrə İngiltərə milli komandasının və “Everton” klubunun mərkəz müdafiəçisi Carred Brantueyt zədələnib.
Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 33-cü turunda “Liverpul”a qarşı keçirdikləri Mersisayd derbisində (1:2) sağ dizaltı vətərindən zədə alıb. Görüşün 87-ci dəqiqəsində meydanı xərəkdə tərk etmiş oyunçu daha sonra “Hill Dikinson” stadionundan qoltuq ağacları ilə ayrılıb.
Britaniya mətbuatının yaydığı məlumata görə, müdafiəçinin bu il keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak etməsi sual altına düşüb.
Carred Brantueyt 2020-ci ilin yanvar ayından “Everton”da çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisinin bu klubla 2030-cu ilin 30 iyununadək müqaviləsi var.
Brantueyt cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub, 1 qol ötürməsi edib. Brantueyt “Everton”da bütövlükdə 96 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
İngilis futbolçu “Everton”dan öncə PSV, “Karlayl Yunayted”, “Bləkbörn” kimi klubların da formasını geyinib.
Brantueyt 2024-cü ilin iyun ayında debüt etdiyi İngiltərə milli komandasında cəmi 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.
