EN

Mahir Emreli ilə baş məşqçi arasında nə baş verir? – ARENA.AZ

“Kayzerslautern”də forma şansı qazana bilməyən azərbaycanlı hücumçu Mahir Emreli Almaniya mətbuatının da gündəmindədir.

Arena.az xəbər verir ki, bu ölkənin tanınmış “Bild” nəşri Mahirin çıxışı və klubdan ayrılmaq ehtimalı ilə bağlı yazıb.

Sözügedən nəşr İkinci Bundesliqa klubunda çıxış edən Emrelinin durumu ilə bağlı bunları qeyd edib:

“Mahir Emreli “Kayzerslautern”ə ümid şüası kimi gəldi, amma diz zədəsindən tam sağaldıqdan sonra, heç də işə yaramadı. Azərbaycanlı hücumçunun məyusluğunun həddi-hüdudu yoxdur. Hücumçu ilə baş məşqçi Torsten Liberknext arasında konkret olaraq nə baş verir?

Bu yaxınlarda milli fasilə zamanı baş verən hadisə xüsusilə məyusedici idi. “Kayzerslautern” Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edərək Emrelinin milli komandaya qoşulmaqdan azad edilməsini istəyib. Bu addımın məqsədi oyunçunun intensiv məşqlər üçün bu vaxtdan maksimum yararlanmasına imkan vermək və mövsümün həlledici mərhələsinə tam hazır olmasını təmin etmək olub. Emreli və AFFA bu tələbi qəbul ediblər. Bəs “mükafat” nə oldu? Əsl gözlənilməz münasibət! Axı, növbəti matçda – “Fortuna” ilə (3:0) qarşılaşmada Mahirə cəmi 7 dəqiqə oyun vaxtı verildi”.

“Liberknext onu tamamilə görməzdən gəlməyə davam edir”

“Vəziyyəti daha da pisləşdirən odur ki, “Holştayn”a 0:3 hesabı ilə məğlub olduqları məyusedici oyunda Emreli bütün 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirdi. Bu, “Kayzerslautern”in qola çox ehtiyacı olmasına və əvəzetmələrə hələ də yer qalmasına baxmayaraq baş verdi. Emreli həmçinin, “Herta” ilə (1:0) matçda parlamaq şansı qazana bilmədi. Bu vəziyyət, xüsusən də, oyunçunun tamamilə sağlam və mübarizə aparmaq həvəsində olduğunu nəzərə alsaq, çaşdırıcıdır. Buna baxmayaraq, Liberknext onu tamamilə görməzdən gəlməyə davam edir.

UEFA Çempionlar Liqasında “Qarabağ” (2017) və “Dinamo”da (2022) oynamış Emreli, zədəli ulduz hücumçu İvan Prtain ilə birlikdə klubun ən çox maaş alan oyunçuları arasındadır. “Kayzerslautern” həqiqətən də bu cür bahalı ehtiyat oyunçunu qeyri-müəyyən müddətə heyətdə saxlamaq lüksünə sahibdir?

Mahir Emreli son dərəcə universal oyunçu hesab olunur: “Kayzerslautern”ə qoşulduqdan bəri, demək olar ki, bütün hücum mövqelərində yer alıb. Lakin demək olar ki, heç vaxt klassik mərkəz hücumçusu kimi oynamayıb. Onun güclü tərəfləri məhz budur. Onun “Nürnberq”dəki təsirli dövrünü xatırlamaq kifayətdir. Orada Miroslav Klozenin rəhbərliyi altında qol vurma bacarığı ilə fərqlənib (25 matçda 11 qol). Buna baxmayaraq, fakt faktlığında qalır: onun oyun müddəti artmazsa, erkən ayrılması istisna edilə bilməz. Azərbaycan millisinin hücumçusunun “Kayzerslautern”lə müqaviləsi 2028-ci ilə qədərdir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
71
12
arena.az

10Sources