EN

Bu gün şəhid Elşad Həsənovun doğum günüdür

Elşad Həsənov 28 aprel 1994-cü ildə Gədəbəy rayonunun Qaravəlilər kəndində Qabil Həsənovun və Məlahət Həsənovanın ailəsində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birgə Ağstafa rayonunun Xətai kəndinə köçmüş və burada yaşamışdır. 2000–2011-ci illərdə Ağstafa rayon Qaçaq Kərəm kənd tam orta məktəbində orta təhsil almışdır. Şəhid olmazdan 6 ay əvvəl ailə həyatı qurmuşdu.

QHT.az bildirir ki, Elşad Həsənov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış, kursları başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu kimi yenidən ordu sıralarına qayıtmışdır. "Gizirlik kursu"nu da bitirdikdən sonra "gizir" rütbəsinə yüksəlmişdir.

Elşad Həsənov 2020-ci ilin 12 iyulundan başlayan Tovuz döyüşlərində iştirak etmiş, döyüş tapşırığını yerinə yetirərək fərqlənmişdir.

Azərbaycan Ordusunun giziri olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Murovdağın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.

Vətən müharibəsində iştirakına görə Elşad Həsənov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.

Vətən müharibəsi bitdikdən sonra Elşad Həsənov Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən bir çox medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdi. Laçın rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirirdi.

11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır. Baş verən qarşıdurma nəticəsində Elşad Həsənov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Elşad Həsənovun nəşi evinə gətirilərək 12 aprel 2023-cü ildə Ağstafa Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli  sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Elşad Həsənov  “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Chosen
85
50
qht.az

10Sources