EN

Azərbaycan UNESCAP-a növbəti sədr seçildi

Aprelin 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına (UNESCAP) sədr seçilib. Ölkəmizin növbəti 1 il ərzində bu quruma sədrlik etməsi nəzərdə tutulub.

“Heç kəsi geridə qoymamaq: Asiya və Sakit okean regionunda bütün yaşlar üçün cəmiyyətin irəlilədilməsi” mövzusuna həsr olunmuş sessiyanın açılış mərasimində Azərbaycan Prezidenti

İlham Əliyevin sessiya iştirakçılarına ünvanlanmış müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

Prezidentin müraciətində qlobal miqyasda artan geosiyasi gərginliklərin beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı çağırışlar qeyd olunub, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti bir daha vurğulanıb.

Müraciətdə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişlər, Böyük Qayıdış proqramı, mina təhlükəsinin yaratdığı təhdidlər, dayanıqlı inkişaf göstəriciləri, Orta Dəhlizin artan rolu və ölkənin enerji təhlükəsizliyi ilə regional bağlantıya töhfəsi önə çəkilib.

Çıxışda bərpaolunan enerji mənbələrinin həm iqlim, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanıb. Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi razılaşmalar, o cümlədən ildə ən azı 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunması öhdəliyi xatırlanıb. Bu öhdəliklərin praktiki layihələrə çevrilməsinin vacibliyi qeyd olunub. Nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta Dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib.

Sessiya çərçivəsində ümumi müzakirələr zamanı, həmçinin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Çıxış zamanı, regionda inklüziv və dayanıqlı inkişafın təşviqi, sosial bərabərliyin gücləndirilməsi və bütün təbəqələrin inkişaf prosesinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.

XQ

Chosen
3
8
xalqqazeti.az

10Sources