EN

Gənc alimlər üçün “Tədqiqat məktəbi” - Başladı

Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Tədqiqat məktəbi: gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” layihəsinin açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində keçirilən tədbirdə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bu cür layihələrin gənc alimlərin elmi fəaliyyətə cəlb olunması və tədqiqat mühitinin inkişafı baxımından mühüm rol oynadığını söyləyib.

Universitetin prorektoru Sübhan Namazov isə qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələrinin prioritetlərindən biri tədqiqat və innovasiya fəaliyyətinin gücləndirilməsidir və bu istiqamətdə gənclərə yaradılan imkanlar xüsusi əhəmiyyət daşıyır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi İltifat İbrahimov çıxışında gənc tədqiqatçılar üçün akademik resurslara çıxış imkanlarının genişləndirildiyini, həmçinin beynəlxalq jurnallarda nəşr imkanlarının artırıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, proqrama 647 doktorant müraciət edib, onlardan 35 nəfəri iştirak hüququ qazanıb. Layihə iştirakçıların tədqiqat və akademik yazı bacarıqlarının inkişafına yönəlib.

Layihə çərçivəsində iştirakçılar tədqiqat metodologiyası, akademik yazı və beynəlxalq nəşr standartları üzrə təlimlərə cəlb olunacaq, həmçinin xarici mütəxəssislərlə mentorluq proqramlarında iştirak edəcəklər.

Qeyd edilib ki, layihə gənc alimlərin elmi potensialının gücləndirilməsi və onların beynəlxalq akademik mühitə inteqrasiyası baxımından mühüm töhfə verəcək.

Chosen
17
1
hafta.az

2Sources