EN

Səkkiz aylıq yolun çempionluq zirvəsi: "Turan" hədəfinə çatdı

Bakı, 19 aprel, AZƏRTAC

Əziyyətlə gəldiyimiz bir yolda çempion olduq. Çempionatın başlanğıcından rəhbərliyin qarşımıza qoyduğu hədəflərə nail olduq. Ümumilikdə Azərbaycan voleybolu qalib gəldi. Həm kişi, həm də qadın voleybolçuların Yüksək Liqasında finalda oynayan komandaların məşqçiləri yerli mütəxəssislərdir. Bu, onu göstərir ki, yerli mütəxəssislərə güvənmək lazımdır və onlar xarici həmkarlarından heç də geri qalmırlar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Turan" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov deyib. "Bir dəfə rəqibə qalib gəlmişdik, növbəti dəfə onlar üstün olmuşdu. Bu, revanş matçı idi. Qarşımıza məqsəd qoymuşduq ki, çətin də olsa, qələbə qazanmalıyıq. Elə də oldu. Komanda üzvləri çox əziyyət çəkdilər. Hesabda geri olduğumuz set və məqamlarda belə ruhdan düşmədilər, bir-birimizi motivasiya etdik, ona görə də qazandıq. Qızları təbrik edirəm. Klub 8 aydır yaransa da, biz heç bir anımızı boş keçirməmişik. Çempionatda iştirak edən komandaları təhlil edib nəticələr çıxararaq qalibiyyətə nail olduq", - deyə Z.Rəcəbov qeyd edib.

Voleybol klubunun prezidenti Həsən Zeynalov final qarşılaşmasının çox həyəcanlı və möhtəşəm olduğunu bildirib: "Hər iki komanda qızıl medal qazanmaq istəyirdi. Allah bunu bizə nəsib etdi. Qələbə bizə böyük sevinc bəxş etdi. Gələcək planlarımız Avropada iştirak etmək və nailiyyətlərimizi beynəlxalq arenada davam etdirməkdir".

Komandanın kapitanı Ayşən Abduləzimova isə matçın bir qədər prinsipial olduğunu diqqətə çatdırıb: "Biz bu günü həm final, həm də revanş oyunu kimi çox gözləyirdik. Şükür ki, qələbə bizim oldu. İstədiyimiz kimi oyuna başlamasaq da, önəmli olan nəticədir. Biz bu gün kuboku götürdük. Bütün "Turan" ailəsini təbrik edirəm. Sübut etdik ki, Azərbaycan çempionatında ən güclü bizik".

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Nicat Haşımov
Chosen
34
azertag.az

1Sources