EN

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəldi

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev feysbukdakı hesabında bildirib.

Onun sözlərinə görə, bu, 2026-cı ildə ölkəyə reabilitasiya üçün gələn üçüncü qrupdur.

"2026-cı ildə üçüncü qrup, 29 ukraynalı uşaq və üç müşayiətçi psixoloji və sağlamlıq reabilitasiyası üçün Azərbaycana gəlib. Bunlar Çerniqov vilayətindəki İvanovo Liseyindən olan uşaqlardır", - diplomat qeyd edib.

Y.Qusev vurğulayıb ki, bu səfər uşaqlara bərpa imkanları, peşəkar tibbi və psixoloji yardım almaq, qayğı hissi, təhlükəsizlik və əsl Azərbaycan qonaqpərvərliyini yaşamaq imkanı verəcək.

Qrupu Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna diplomatik missiyasının üzvləri və Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri Əlibala Məhərrəmzadə qarşılayıb.

Səfir aydınlıq gətirib ki, Rusiya-Ukrayna münaqişəsinin başlanğıcından bəri 545 ukraynalı uşaq Azərbaycanda tibbi müalicə və reabilitasiya xidməti keçib.

"Bu, sadəcə rəqəmlər deyil - xalqlarımız arasında həmrəyliyin, dəstəyin və dostluğun əsl təzahürüdür. Biz Azərbaycan rəhbərliyinə, Azərbaycan xalqına və bu çətin dövrdə Ukraynaya və uşaqlarımıza kömək edən hər kəsə səmimi səmimi qəlbdən təşəkkür edirik", - Y.Qusev fikirlərini yekunlaşdırıb.


Telegram kanalımız
Chosen
17
17
yenisabah.az

10Sources