BAKI, 19 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlanması və tətbiq edilən blokada nəticəsində İranın hər gün 500 milyon ABŞ dolları həcmində zərər çəkdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə öz sosial media hesabındakı paylaşımında bildirib.
D.Tramp rəsmi Tehranın boğazı bağlaması ilə bağlı bəyanatını şərh edərkən bunun əslində ABŞ-nin tətbiq etdiyi blokada nəticəsində onsuz da baş verdiyini vurğulayıb:
"İran bu yaxınlarda boğazı bağladığını elan etdi. Bu isə qəribədir, çünki bizim tətbiq etdiyimiz blokada onsuz da oranı bağlayıb. Onlar fərqində olmadan bizə kömək edirlər və qapalı keçiddən zərər çəkən, gündə 500 milyon dollar itirən məhz onlardır!".
Prezident eyni zamanda ABŞ-nin bu vəziyyətdən heç bir ziyan görmədiyini və iqtisadi itkiyə məruz qalmadığını əlavə edib:
"Birləşmiş Ştatlar heç nə itirmir. Əslində, bir çox gəmilər hazırda yük götürmək üçün ABŞ-a, Texas, Luiziana və Alyaskaya doğru irəliləyir".