EN

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 18-də xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə edilib.

Nazirlər Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla qeyd ediblər.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin Azərbaycanla Qırğızıstan arasında Dövlətlərarası Şuranın, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işi ilə daha da təkmilləşdiyi və inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Qırğızıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığı qeyd edilib.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
44
3
azertag.az

4Sources