EN

Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir - YENİLƏNİB

İtaliyanın Baş naziri Corca Meloninin yaxın həftələrdə Azərbaycana səfər edəcəyi gözlənilir.

APA xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Məlumata görə, səfərin may–iyun aylarında baş tutması planlaşdırılır.

Qeyd olunur ki, səfər davam edən siyasi və iqtisadi əməkdaşlıq çərçivəsində həyata keçirilir.

İki ölkə arasında münasibətlərin əsas sütunlarından biri enerji sahəsidir. Azərbaycan qazı İtaliyaya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql olunur. Bu kəmər Xəzər regionunu Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizinin tərkib hissəsidir.

TAP-ın idarəedici direktoru Luka Şieppatinin “Euronews”a açıqlamasına görə, kommersiya fəaliyyətinə başladığı vaxtdan etibarən kəmər vasitəsilə İtaliyaya 47,5 milyard kubmetrdən çox təbii qaz çatdırılıb.

O bildirib ki, İtaliyanın SNAM şirkətinin məlumatına əsasən, 2025-ci ildə TAP vasitəsilə nəql olunan qaz ölkənin ümumi qaz tələbatının təxminən 16%-ni qarşılayıb.

Şieppati əlavə edib ki, ümumilikdə TAP vasitəsilə Avropaya 57 milyard kubmetrdən çox qaz ötürülüb. Bu isə tədarük marşrutlarının şaxələndirilməsinə və Avropanın enerji sisteminin dayanıqlığının artırılmasına töhfə verib.

Qeyd olunub ki, TAP vasitəsilə nəql olunan Azərbaycan qazının əsas alıcısı məhz İtaliyadır və ölkə Avropa bazarına daxil olan qazın əsas giriş nöqtələrindən biri hesab olunur.

Chosen
34
5
apa.az

10Sources