EN

ADPU-da məktəbəqədər təhsildə yeni yanaşmalar və qlobal çağırışlar müzakirə olunub

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” Beynəlxalq təhsil forumu keçirilib. Forumda yerli və xarici mütəxəssislər, ali təhsil müəssisələrinin nümayəndələri və məktəbəqədər təhsil sahəsində çalışan ekspertlər iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Bildirilib ki, forumda ADPU-nun rektoru professor Cəfər Cəfərovun çıxış edərək məktəbəqədər təhsilin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu mərhələ uşaqların sosial bacarıqlarının, düşüncə tərzinin və dünyagörüşünün əsasının qoyulduğu ən vacib dövrdür. C.Cəfərov qeyd edib ki, müasir dövrdə qlobal çağırışlar təhsil sistemindən yeni yanaşmalar tələb edir və bu baxımdan rəqəmsallaşma, inklüzivlik, fərdiyyətyönümlü təlim və pedaqoji innovasiyalar məktəbəqədər təhsilin inkişafında əsas istiqamətlər kimi çıxış edir.

Cəfər Cəfərov çıxışında ADPU-da məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirildiyini xüsusi vurğulayıb. Bildirib ki, Türkiyənin Qazi Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, Ege Universiteti ilə birgə beynəlxalq konfransların təşkili universitetlərarası elmi və akademik əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin güclənməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Rektor forum çərçivəsində aparılan müzakirələr məktəbəqədər təhsilin inkişafına mühüm töhfə verəcək və yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradacağını bildirib.

Bakı Slavyan Universitetinin rektoru dosent Anar Nağıyev çıxış edərək məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki rolunu vurğulayıb və ali təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. A.Nağıyev bildirib ki, erkən yaş dövründə keyfiyyətli təhsil mühitinin yaradılması gələcək təhsil pillələrində uğurun əsasını təşkil edir və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, birgə layihələrin və akademik tərəfdaşlıqların genişləndirilməsi vacibdir.

Forumda çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, günümüzün reallığında təhsildə ciddi çağırışlar var və artıq müxtəlif transformasiyaların şahidi oluruq. Süni intellekt sürətlə həyatımıza daxil olur, dünyada da təhsilə baxışlar dəyişir. Bunlar bizdən də təhsildə yeni yanaşmaları tələb edir və məktəbəqədər təhsil burada mərkəzi yerdə dayanan əsas elementlərdəndir.

ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova forumun fikir mübadiləsi və yeni yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

Forum çərçivəsində beynəlxalq təcrübə də təqdim olunub. Ege Universitetinin dekan müavini professor Sibel Sönməz Türkiyədə məktəbəqədər təhsil sisteminin strukturu və müasir inkişaf istiqamətləri barədə məlumat verib. O bildirib ki, proqramlar oyun əsaslı öyrənmə, uşağın hərtərəfli inkişafı və bacarıqəsaslı yanaşma prinsiplərinə əsaslanır.

Forumda ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Tərbiyəçi müəllimlərin işə qəbul qaydaları” mövzusunda çıxış edərək sahədə kadr hazırlığı və seçimi mexanizmlərinə toxunub. ARTİ-nin böyük elmi məsləhətçisi Laləzar Cəfərova isə “Məktəbəqədər təhsil: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda təqdimatla çıxış edərək mövcud çətinliklər və inkişaf istiqamətlərini diqqətə çatdırıb.

Forumda, həmçinin açıq dərslər və praktik təqdimatlar da təşkil olunub.

Forum “Məktəbəqədər təhsil müəssislərində keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Məktəbəqədər təhsil müəssislərində dayanıqlı inkişaf strategiyaları” mövzusunda panel müzakirələrlə davam edib.

Chosen
10
1
azertag.az

2Sources