EN

"ABŞ-ın yeni təkliflərinə hələ cavab verilməyib"

İran Ali Milli Təhlükəsizlik Şurası ABŞ tərəfindən Pakistan vasitəsilə təqdim olunan yeni təkliflərə hələ cavab verilmədiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Şuranın yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, ABŞ tərəfinin atəşkəs və müharibənin dayandırılması ilə bağlı mesaj və müraciətlərinə baxmayaraq, İran İslam Respublikası danışıqların yalnız öz təklif etdiyi 10 maddəlik plan çərçivəsində aparılmasını qəbul edib.

“İran İslam Respublikası müharibənin 40-cı günündə və ABŞ prezidentinin İranın 10 maddəlik planını danışıqların çərçivəsi kimi qəbul etdiyini rəsmən elan etməsindən sonra bu danışıqları dost və qardaş ölkə Pakistanın vasitəçiliyi ilə İslamabadda aparmağa razılıq verib”, - bəyanatda vurğulanıb.

Sənəddə bildirilib ki, ABŞ tərəfi danışıqlardan əvvəl qeyd olunan çərçivəni qəbul etsə də, görüşlər zamanı yeni və qəbuledilməz tələblər irəli sürüb və bu, İran nümayəndə heyətinin qəti mövqeyi ilə qarşılanıb.

Şura əlavə edib ki, son günlər Pakistan ordusunun komandanının Tehrana səfəri çərçivəsində ABŞ tərəfindən yeni təkliflər təqdim olunub və hazırda həmin təkliflərə baxılır, lakin hələlik rəsmi cavab verilməyib.

“İran nümayəndə heyəti heç bir halda milli maraqlardan geri çəkilməyəcək”, - bəyanatda qeyd olunub.

Bununla yanaşı, sənəddə vurğulanıb ki, müvəqqəti atəşkəsin əsas şərtlərindən biri bütün cəbhələrdə, o cümlədən Livanda atəşin dayandırılması olub və qarşı tərəf bunu qəbul edib.

Chosen
7
6
aznews.az

7Sources