EN

Gənclərin ikinci işə üz tutması: Səbəblər və əmək bazarındakı reallıq

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son dövrlərdə Azərbaycanda gənclərin əmək bazarındakı vəziyyəti, bir işlə dolana bilməməsi və əlavə gəlir axtarışına yönəlməsi ciddi sosial müzakirə mövzusuna çevrilib.

Maaşların gündəlik xərclərlə müqayisədə yetərsiz qalması bir çox gənci ikinci iş axtarmağa yönəldir. Bu isə həm onların karyera inkişafına, həm də ümumi əmək bazarının strukturuna təsir edən mühüm suallar yaradır.

Maraqlıdır, ikinci işə məcbur qalan gənclər real olaraq gələcək karyera inkişafını itirirmi? 

Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda gənclərin bir işlə dolana bilməməsi sosial problem sayılmalıdır:

“Məsələ ondadır ki, minimal əməkhaqqının aşağı olması prosesi düzgün tənzimlənmir. 2005-ci ildə Azərbaycan “Minimal stehlak səbəti haqqında” Qanun qəbul olunub.

Bu gün də həmin qanuna baxanda görürük ki, orada mobil telefon, internet xərcləri, tibb xərclərinin bir hissəsi qeyd olunmayıb. Həmin vaxt tibbi xidmət tamamilə ödənişsiz olduğu üçün bu qanunda tibb xərcləri qeyd olunmayıb.

Bu gün dövlət tərəfindən hər hansı əməkhaqqı artırılırsa, bu həmin qanuna əsasən həyata keçirilir və burada qanunlar arasında ziddiyyət yaranır.

2005-ci ildə qəbul edilmiş “Minimal istehlak səbəti haqqında” Qanunun bu gün əlilliyi olan insanlara verilən pensiyalar və ya tələbələrə verilən təqaüdlərlə müqayisəsində görürük ki, bunlar arasında böyük fərq var.

Azərbaycanda iş saatının 8 saat olmasını tənzimləyən qanun var. İnsan əgər 8 saatdan artıq işləyirsə, onun istirahətə vaxtı olmur. Bu da ikinci işdə işləyənlər üçün ciddi problemdir.

Çünki bir şəxs bir işdə 8 saat işləyib sonra digər işə gedirsə, istirahət üçün vaxt qalmır. Təəssüf ki, maddi çatışmazlıq səbəbindən iki işdə işləyən gənclərin sayı artmaqdadır. Bu isə onların gələcək inkişafına mənfi təsir göstərir.

Bu gün özünüinkişaf üçün lazım olan idman, kurs, dərnək və digər xərclər minimal yaşayış səviyyəsinə daxil olan xərclərdən daha baha başa gəlir və nəticədə gənclər bu xərcləri qarşılaya bilmir, inkişafdan geri qalırlar.

Müqayisə etsək görərik ki, Avropada orta əməkhaqqı anlayışı dəqiq bir göstərici deyil və əsas minimal əməkhaqqı götürülür, artımlar da buna uyğun edilir”.

Sosioloq qeyd edir ki, Azərbaycanda elə dövlət işçiləri var ki, rəsmi olaraq 2000–3000 manat maaş alır və bu, 500 manatlıq maaşla müqayisə oluna bilməz:.

“Çünki 500 manatla heç bir inkişaf xərci ödənilə bilmir və nəticədə gənclər inkişaflarına yatırım edə bilmirlər, maddi çətinlik səbəbindən ikinci işə üz tuturlar”.

Sosioloq Hüseyn İbrahimov isə qeyd edib ki, gənclərin hamısının bir işlə dolana bilməməsi fikri tam doğru deyil:

“Elə gənclər var ki, dövlət və ya özəl sektorda işləyərək öz həyat səviyyəsini təmin edirlər. Bu isə onların bilikləri, dil bacarıqları, müasir texnologiyalara yiyələnməsi və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Nəzərə alsaq ki, dünyada da gənclər özlərini inkişaf etdirərək müəyyən mövqelərə sahib olurlar və xaricdə çalışan istedadlı gənclərimiz də çoxdur.

Dünyada olduğu kimi Azərbaycanda da tələbat artır. Statistik baxımdan baxsaq, gəlir səviyyəsi aşağı olan işlərdə, nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkəsində gənclər iki işlə məşğul olurlar. 

Məsələn, İtaliya və Qərbi Avropa ölkələrinin bir çoxunda gənclər gündüz dövlət işlərində, gecə isə onlayn işlərdə çalışırlar. Bu, gəncin seçdiyi peşədə inkişafından asılıdır.

İkinci işdə işləməyə məcbur olan gənclərin gələcək karyera imkanlarını itirəcəyini düşünmürəm. Ola bilər ki, ikinci işdən əldə etdiyi gəlirlə özünü daha da inkişaf etdirsin. Belə gənclər də var, amma sayı çox deyil.

Rəsmi maaşlar iş yerlərinə görə fərqlənir. Elə sahələr var ki, orada maaş yüksəkdir, digərlərində isə daha aşağıdır. Bu da şəxsin seçdiyi sahə və bacarıqları ilə bağlıdır”.

O bildirib ki, bu gün gənclərin karyera və əmək bazarındakı vəziyyəti ilə bağlı vətəndaş cəmiyyətinin rolu artmalıdır:

“Hazırda bəzi vətəndaş cəmiyyəti institutları daha çox nəzəri işlər görür, praktik layihələr isə azdır. Dövlət tərəfindən qeyri-hökumət təşkilatlarına kifayət qədər dəstək verilsə də, layihələrin bir çoxu praktik deyil, nəzəri xarakter daşıyır”.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

iş Əhməd Rəhmanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
cebheinfo.az

1Sources