BAKI, 18 aprel. TELEQRAF
"İqlim məsələləri hələ də qlobal gündəmin əsas mövzusu deyil. Bu gün dünya gündəmi əsasən münaqişələr və digər proseslərlə formalaşır. İqlim məsələləri isə təəssüf ki, ön planda deyil".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalya Diplomatiya Forumunda panel müzakirədə deyib.
Onun sözlərinə görə, iqlim maliyyələşməsi məsələsində də müəyyən çətinliklər qalmaqdadır:
“Türkiyə və Avstraliya ilə birlikdə intensiv çalışaraq diqqəti yenidən iqlim mövzusuna yönəldə bilərik. İqlim maliyyəsi ilə bağlı suallar açıq qalır. Özəl sektoru əsas töhfə verən tərəf kimi müəyyən etsək də, bu sahədə hələ gözləmə mövqeyi müşahidə olunur. Əsas məqsəd daha çox maliyyə cəlb etmək və ölkələri öhdəliklərini yerinə yetirməyə təşviq etməkdir. Səylərimiz əlavə resursların tapılmasına və daha çox ölkənin öhdəliklərini icra etməsinə yönələcək”.
Muxtar Babayev əlavə edib ki, Bakıda əldə olunan razılaşmalar mühüm nəticədir:
“İllik 3 trilyon dollar səviyyəsində maliyyə hədəfi müəyyən olunub. Bu, son illərin ən yaxşı nəticələrindən biridir. Bundan başqa nələr edə bilərik də müzakirə olunmalıdır”.