EN

Yağışlı havanın məhsuldarlığa təsiri

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Son günlər ard-arda müşahidə edilən intensiv yağışların kənd təsərrüfatı sektoruna həm müsbət, həm də mənfi təsirləri var. Müsbət təsiri odur ki, nəmli torpaq toxum səpimi, eləcə də yazlıq əkin üçün olduqca əlverişlidir. Əkilən şitillər də nəmli torpaqda yaxşı bitir. Xüsusilə yaz mövsümündə bitkilərin suya ehtiyacı artır və bu dövrdə yağan yağışlar məhsuldarlığın yüksəlməsinə şərait yaradır". Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov dəyişkən hava şəraitinin aqrar sahəyə göstərdiyi təsir barədə danışarkən deyib. Onun sözlərinə görə, bitki də canlıdır. O da qida elementi kifayət qədər olanda stress amillərinə davamlılıq göstərir: "Son bir neçə ildə qlobal istiləşmənin nəticəsində bütün dünyada belə hallar baş verir, amma apardığımız müşahidələr göstərir ki, dünyada kənd təsərrüfatı məhsulunun istehsalında artım var. Əlbəttə, davamlı yağışların yağması bəzi sahələrdə bəzi bitkilərin inkişafına mane olur. Eyni zamanda, yağış yağan günlərdə havanın temperaturu da aşağı düşür. Əgər havanın temperaturu normaldır və torpaqda kifayət qədər mineral maddələr varsa, bütün lazımi elementlər 20-yə yaxın elementdir ki, həm makro, həm də mikroelementlər kifayət qədər olanda, kəndli, fermer aqrotexniki qaydalara əməl edəndə, yağış suyunun yalnız faydası olur".

Ekspert vurğulayıb ki, intensiv yağışların kənd təsərrüfatına, xüsusilə bitkiçiliyə təsiri əsasən müsbətdir: "Xüsusilə yaz mövsümündə bitkilərin suya ehtiyacı artır və bu dövrdə yağan yağışlar məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Əgər hava şəraiti bundan sonra normal keçərsə, bu il ot istehsalında, bitkiçilikdə məhsuldarlığın artacağı gözlənilir. Bəzi ərazilərdə, xüsusən dəniz səviyyəsindən aşağı zonalarda su basma halları müşahidə olunur. Amma bu, daha çox planlaşdırma məsələsidir. Əvvəlcədən nəzərə alınmalı idi ki, suyun axın istiqamətləri dəyişmir və həmin ərazilərdə tikinti aparılarkən bu risklər hesablanmalıdır".

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, yağıntıların əsas müsbət tərəfi torpağın təbii yolla nəmlənməsidir. Bu da təbii ki, fermerlərin suvarma xərclərini əhəmiyyətli dərəcədə azalır. Lakin uzunmüddətli və aramsız yağıntılar torpaq qatının eroziyasına, əkin sahələrinin su altında qalmasına və məhsulun zərər görməsinə gətirib çıxarır. Xüsusilə kök meyvəlilər və tərəvəz bitkiləri həddindən artıq rütubətə məruz qaldıqda, onlarda çürümə və müxtəlif xəstəliklərin inkişaf riski kəskin artır. Bu prosesdə ən çox risk altında olanlar torpağın rütubət səviyyəsinə xüsusilə həssas olan soğan və tərəvəz bitkiləridir: "Bölgələrdə davam edən yağışlar bəzi əkin sahələrində suyun çoxalmasına və torpağın şoranlaşmasına səbəb ola bilər. Yəni havanın təsiri konkret bölgə və əkin növündən asılıdır, bəzi yerlərdə əlverişli, digərlərində isə çətinlik yarada bilər. Aramsız yağan yağışlar nəticəsində torpaqda müxtəlif xəstəliklərin inkişaf riskini artırır. Bu da təbii ki, məhsuldarlığa ciddi zərər vura bilər. Bunun qarşısını almaq üçün profilaktik müalicə və qoruyucu tədbir həyata keçirilməlidir. Əks halda müxtəlif xəstəliklər məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər".

Ekspert əlavə edib ki, yağışlar fonunda qiymətlərin formalaşması birbaşa məhsulun həm ümumi həcmindən, həm də keyfiyyətindən asılı olacaq: "Əgər məhsulun əhəmiyyətli hissəsi itərsə, bazarda təklif azalacaq ki, bu da qiymət artımına səbəb olacaq. Əks ssenaridə isə, əgər yağıntılar ümumi məhsul bolluğu yaradarsa, qiymətlərdə azalma müşahidə edilə bilər".

İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, yağıntılar əkin olunmuş sahələrdə suyun yığılmasına və şumlama ilə bağlı problemlərin həllinə müəyyən mənada kömək edə bilər. Lakin bəzi ərazilərdə su basqınları ziyan da verə bilər: "Qeyd edim ki, ölkədə sığorta sistemi mövcud olsa da, hələ tam oturuşmayıb. Fermerlərin ərazilərini sığortalamaları üçün kifayət qədər təşviq və izahat verilmir. Bəziləri hətta bundan xəbərsizdir. Bu da potensial ziyanı artırır. Əkin sahələrində su basğınlarının olması istər-istəməz məhsuldarlığa öz təsirini göstərəcək. Məhsuldarlıq az olarsa, təbii ki, qiymət artımı müşahidə olunacaq. Bazarda qiymət artımını yazın sonu, yayın əvvəllərində hiss edə bilərik".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
525.az

1Sources