Bütün dünyada qlobal ticarət marşrutları uğrunda açıq, yaxud səhnəarxası savaş daha da intensivləşməyə başlayıb, Ağ Ev və ABŞ-ın əsas rəqibləri isə bu qarşıdurmada radikal mexanizmlər üzərindən iştirak etməyə çalışırlar... Ancaq rəsmi Ankara hələlik hərbi faktorların tətbiqindən yayınmağa mümkün qədər çalışır və siyasi-diplomatik yolla Türkiyənin qlobal ticarət arxitekturasında həlledici mövqelər qazanmasına cəhd göstərir...
Müasir dünya çoxsaylı regional münaqişələrin “qaynar poliqon”una çevrilməyə başlayıb. Belə ki, hazırda regional ziddiyyətlər daha geniş areala yayılaraq, dünyanın digər bölgələrindəki geopolitik proseslərə birbaşa və ya dolayısı təsir göstərməkdədir. Bu baxımdan, son vaxtlar baş verən hadisələrə ümumi qlobal ziddiyyətlərin və geopolitik toqquşmaların tərkib hissəsi kimi yanaşmaq daha çox reallığa yaxın görünür. Və belə qəliz qlobal situasiya müasir dünya üçün daha təhlükəli xaos mərhələsinin başlanğıcı anlamına da gəlir.
Onu da qeyd etmək lazımdır ki, müasir regional ziddiyyətləri artıq yalnız ərazi mübahisələri ilə məhdudlaşmır. Çünki indi bu ziddiyyətləri doğuran əsas səbəblərin sırasına iqtisadi-ticari faktorlar və qlobal enerji arteriyalarına nəzarət uğrunda mübarizə də daxildir. Yeni dünya düzəninin formalaşmasında da məhz bu strateji faktorlar həlledici rol oynayır. Və ona görə də, indi dünya nəhəngləri ilk növbədə elə qlobal məkanda hegemon mövqeləri ələ keçirtmək üçün həmin faktorların rolunu öz mənafelərinə doğru yönəltməyə çalışırlar.

Məsələ ondadır ki, Yaxın Şərq savaşının inkişaf istiqamətləri də tədricən iqtisadi-ticari və enerji arteriyalarına nəzarət hədəflərinə doğru yönəlməkdədir. Belə ki, əvvəlcə İran ABŞ və Qərbə təzyiq məqsədilə Hörmüz boğazını bağladı və dünya enerji bazarlarını təxminən 20 faizlik neft məhsullarından məhrum buraxaraq, qlobal böhran təhlükəsi yaratdı. Qərb ölkələri buna kəskin şəkildə etiraz etsələr də, Hörmüz böğazının açılması üçün hərbi müdaxilə variantına həvəs göstərmədilər. Və nəticədə Yaxın Şərq savaşına qədər açıq olan Hörmüz boğazının “qapalı dövrü” başlamış oldu.
Ancaq maraqlıdır ki, Hörmüz boğazının açılması ilə bağlı missiyanı ABŞ sonradan öz üzərinə götürdü. Bununla belə, Ağ Evin bu missiyanı həqiqətən də yerinə yetirdiyini iddia etmək hələlik çox çətindir. Çünki ABŞ hərbi gəmiləri Hörmüz boğazını açmaq əvəzinə onu qapadan ikinci blokada səddi qurdular. Nəticədə bu boğaz “ikiqat qapanma” modelinə keçirilmiş oldu. İndi İran bir tərəfdən bu boğazdan neft daşıyan tankerləri və ticarət gəmilərini buraxmır. Digər tərəfdənsə, İran keçid verdiyi tankerləri və gəmiləri ABŞ hərbi donanması geri qaytarır.
Bunun isə tədricən aydınlaşmağa başlayıb. Belə ki, Ağ Ev Hörmüz boğazının qapalı olması ücbatından enerji resurslarına ehtiyacı olan ölkələrin yüzlərlə tankerinin məhz ABŞ-a istiqamət almasından tamamilə məmnundur. Yəni, Ağ Ev indi həm ABŞ-ın enerji resurslarını daha kütləvi şəkildə dünya bazarlarına çıxartmaq, həm də Venesuelanın nəzarət altına alınmış neftini satmaq imkanı qazanıb. Və bütün bunlara paralel olaraq, ABŞ Hörmüz boğazının qapadılması sayəsində hələlik həm İranı enerji bazarlarından kənarda saxlamağa, həm də Çinin neft məhsulları idxal etməsini məhdudlaşdırmağa nail olub.

Belə anlaşılır ki, hazırda qlobal məkanda dəniz marşrutlara, eləcə də, ticarət dəhlizlərinə nəzarət uğrunda mübarizə artıq geostrateji xarakter daşıyır. Coğrafi üstünlükləri olan bəzi nüfuzlu dövlətlər də hərbi münaqişələrə qarışmadan yeni ticarət marşrutlarının yaradılması istiqamətində müəyyən addımlar atmağa çalışırlar. Çünki belə iqtisadi-ticari dəhlizlər yaxın gələcəkdə dünya nəhənglərinin hərbi müxanizmlərlə nəzarət altına aldıqları qlobal logistik arteriyalara alternativ rolunu oynaya bilər.
Maraqlıdır ki, Türkiyə də son illərdə iqtisadi-ticari marşrutlara xüsusi önəm verməkdədir. Belə ki, Türkiyənin Azərbaycanla strateji müttəfiqlik münasibətləri rəsmi Ankaraya Orta Asiya istiqamətində ticari imkanlarını artırmaqdadır. Eyni zamanda, rəsmi Ankara Zəngəzur dəhlizinin açılmasında da əsas maraqlı tərəflərdən biri kimi çıxış edir. Və Türkiyənin əsas strateji hədəfləri sırasında Orta dəhlizin reallaşması və inkişaf etdirilməsi də mövcuddur.
Ancaq rəsmi Ankara qətiyyən bununla kifayətlənmək niyyətində deyil. Belə ki, son məlumatlara görə, Türkiyə yeni ticarət dəhlizinin yaradılması istiqamətində intensiv fəaliyyət göstərməkdədir. Rəsmi Ankara bu məsələdə Suriya ilə yaxından əməkdaşlıq etməkdədir. Bəzi hesablamalara görə, əgər, Türkiyə Suriya ilə ortaq şəkildə bu yeni ticarət dəhlizini reallaşdırmağa nail olarsa, onda, Yaxın Şərqin iqtisadi xəritəsini fərqli formatda formalaşdıra bilər. Və bu müasir dünya üçün yeni geoiqtisadi reallığın başlanğıcı hesab olunur.

Məsələ ondadır ki, Türkiyə və Suriyanın yaratmağa çalışdığı, eyni zamanda, İraqın da qoşulmağa hazır olduğu yeni ticarət marşrutunun Hindistan, Fars körfəzi ölkələrini və Avropanı birləşdirəcəyi bildirilir. Bəzi iddialara görə, əgər, bu layihə reallaşarsa, Türkiyə və Suriya öz iqtisadi imkanlarını gücləndirməklə yanaşı, həm də qlobal “ticarət axını” arxitekturasında strateji mövqelərə sahiblənə bilərlər. Ən əsasısa, bu dəhlizin artıq mövcud olan bəzi ticarət marşrutlarına alternativ ola biləcəyi qətiyyən şübhə doğurmur. Və üstəlik, bu, Türkiyənin Şərqlə Qərb arasında əsas tranzit mərkəzinə çevrilməsi ilə yanaşı, Yaxın Şərqdə qüvvələr nisbətinə də ciddi şəkildə təsir göstərə bilər.
Göründüyü kimi, bütün dünyada qlobal ticarət marşrutları uğrunda açıq və ya səhnəarxası savaş daha da intensivləşməyə başlayıb. Dünyanı həm ac, həm də enerjisiz qoya biləcək bu savaşda Ağ Ev və ABŞ-ın əsas qlobal rəqibləri daha radikal mexanizmlər üzərindən iştirak etməyə çalışırlar. Türkiyə isə hərbi faktorların tətbiqindən yayınmağa çalışır. Və rəsmi Ankara siyasi-diplomatik yolla qlobal ticarət arxitekturasında Türkiyənin həlledici mövqelər qazanmasına cəhd göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()