EN

Bahar Xeyriyyə Bazarı – xalqlar arasında mədəni körpü

Bakı, 17 aprel, AZƏRTAC

Bakı Beynəlxalq Qadınlar Klubu və Qazaxıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Bakıda Bahar Xeyriyyə Bazarı keçirilib.

Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel dünyada baş verməkdə olan qarışıqlıq fonunda bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. Diplomat, qarşılıqlı yardım və xüsusi qayğıya ehtiyacı olan uşaqlara, qadınlara dəstəyin bizim sivilizasiya kodumuzun ayrılmaz hissəsi olduğunu qeyd edib.

Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti Asemgül Bayel bazarın təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirib və hər bir ianənin ünvanına çatacağını əlavə edib. O, Beynəlxalq Qadınlar Klubunun missiyasının ehtiyacı olanlara dəstək göstərmək və müxtəlif mədəniyyətlərdən olan insanlar arasında dialoqu inkişaf etdirmək olduğuna diqqət çəkib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bazarın təşkilatçılarına təşəkkür edib və Bahar Xeyriyyə Bazarının vasitəsilə insanların Qazaxıstan mədəniyyəti ilə də daha yaxından tanış olduqlarını bildiriblər.

Qeyd edək ki, bazar çərçivəsində yerli və xarici ustaların əl işləri, sənətkarlıq nümunələri, həmçinin müxtəlif xalqların yeməklərinin satışı təşkil olunub. Qonaqlara maraqlı musiqi proqramı təqdim edilib, lotereya və hədiyyəli oyunlar keçirilib.

Chosen
21
azertag.az

1Sources