EN

İsraildən Bakıya YENİ marşrut təklifi

“İsrail Fars körfəzi ölkələri ilə strateji əməkdaşlığı üçün yeni imkanlar görür”.

Musavat.com-un məlumatıma görə, bunu ölkənin “NewMed Energy” şirkətinin baş direktoru Yossi Abu İsrailin “Globes” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qətər qazının Avropaya tədarükü üçün mümkün marşrutlardan biri Səudiyyə Ərəbistanı, İraq, Türkiyə və Azərbaycan üzərindən keçən dəhliz ola bilər:

“İranın ilk dəfə Fars körfəzi ölkələrinə güclü zərbələr endirdiyi hazırkı müharibə İsrail üçün enerji infrastrukturunun inkişafı və bu ölkələrlə münasibətlərin möhkəmləndirilməsi baxımından yeni imkanlar açır”.

Şirkət rəhbəri qeyd edib ki, müharibə fonunda Aralıq dənizində təbii qaza maraq kəskin artıb:

“Mən əminəm ki, Fars körfəzi ölkələri İsraildə qaz layihələrinə investisiya qoyacaq. Necə ki, əvvəllər BƏƏ-nin “Mubadala” investisiya şirkəti Tamar yatağına sərmayə qoyub, gələcəkdə də Səudiyyə Ərəbistanı və regionun digər ölkələrinin şirkətləri İsrailin qaz və enerji infrastrukturuna yatırım edə bilər”.

Şirkət rəhbərinə görə, Yaxın Şərqdəki müharibə etibarlı enerji mənbələri uğrunda yarışı sürətləndirib:

“Yaxın perspektivdə ABŞ mayeləşdirilmiş təbii qazı Avropaya deyil, daha çox Asiyaya yönəldəcək. Lakin orta və uzunmüddətli perspektivdə investisiyaların böyük hissəsi etibarlı qaz ehtiyatlarına malik regionlara, o cümlədən İsrail və digər regional ölkələrə yönələcək”.

“NewMed Energy” rəhbəri əlavə edib ki, Qətər qazını Avropaya çatdırmağın ən yaxşı yolu onu Səudiyyə Ərəbistanı, İraq və Türkiyə vasitəsilə Azərbaycanla birləşdirmək və oradan istənilən istiqamətə yönləndirməkdir: “Bu, Qətər üçün xarici marşrut ola bilər”.

Onun fikrincə, Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının nəqli üçün iki əsas marşrut mümkündür: şimal marşrutu — Azərbaycan və Türkiyə üzərindən, cənub marşrutu isə Misir və İsrail üzərindən. O, həmçinin svop əməliyyatları çərçivəsində Suriyaya qaz tədarükünün mümkünlüyünü də istisna etməyib və bu halda Azərbaycan qazından istifadə edilə biləcəyini bildirib.

Qeyd edək ki, “NewMed Energy” İsrailin qaz sektorunun əsas oyunçularından biridir və Şərqi Aralıq dənizində, o cümlədən Leviathan yatağında böyük layihələrdə, həmçinin ölkə xaricində də aktivlərin işlənməsində iştirak edir. SOCAR bu şirkətlə sıx əməkdaşlıq münasibətlərinə malikdir. 2023-cü ildə SOCAR Britaniyanın BP və “NewMed Energy” ilə birgə İsrailin ən böyük karbohidrogen yatağı olan Leviafanın şimal hissəsində qazın kəşfiyyatı üçün lisenziya alıb

İsrailin Energetika və İnfrastruktur Nazirliyinin məlumatına görə, şirkətlər qrupunun qatıldığı layihənin operatoru SOCAR-dır. Üç il müddətinə qüvvədə olan lisenziyaya əsasən, Azərbaycan Dövlət Neft Şirkəti lisenziyalaşdırmanın dördüncü mərhələsi çərçivəsində iki dəniz blokunun kəşfiyyatı hüququ əldə edib.

Vesti.az-ın mənbələrə istinadən yaydığı məlumata görə,SOCAR 2026-cı ilin payızında İsrailin I-6 blokunda seysmik tədqiqatlara başlayacaq. Bildirilir ki, BP və İsrailin NewMed Energy şirkəti ilə tərəfdaşlıq çərçivəsində 2026-cı ilin sentyabr ayında Aralıq dənizindəki İsrailin iqtisadi zonasındakı perspektivli I-6 blokunda 3D seysmik tədqiqatlara başlayacaq. Mənbənin sözlərinə görə, işlər ixtisaslaşmış tədqiqat gəmisi vasitəsilə aparılacaq və ilk nəticələr 2027-ci ildə gözlənilir. Şərtlər uğurla yerinə yetirilərsə, ən azı bir kəşfiyyat quyusu qazıldığı təqdirdə lisenziya daha iki il uzadıla bilər. Lisenziyanın maksimum müddəti yeddi ildir. Mənbə qeyd edib ki, karbohidrogen ehtiyatları təsdiqlənərsə, Şərqi Aralıq dənizindəki mövcud infrastruktur sayəsində onlar tez bir zamanda istehsala və ixraca buraxıla bilər.

  • ci ildə isə SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payalıb.

Göründüyü kimi, Azərbaycan İsraillə enerji layihələrində əməkdaşlığı qurub və getdikcə onu genişləndirir. Bu baxımdan, İsrail qazının Avropaya çatdırılması üçün icra olunacaq layihələrdə də iştirakı gözlənilən, Yossi Abunun açıqlamasından göründüyü kimi, həm də İsrail tərəfindən arzuolunandır.

Məlumdur ki, İsrail və Türkiyə arasında 2020-ci illərdə qaz boru xəttinin çəkilməsi layihəsi ilə bağlı müzakirələr aparılıb. Layihə  İsrailin Aralıq dənizindəki "Leviathan" yatağından hasil edilən təbii qazın dənizin altı ilə Türkiyəyə, oradan isə TANAP vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tuturdu. Müəyyən dövrlərdə ölkə rəhbərləri səviyyəsində layihə barədə anonslar verilsə də, 2023-cü ildən İsraillə Türkiyə arasında münasibətlər kəskinləşdiyinə görə gündəmdən kənarlaşdırılıb.

Münasibətlərin gərgin olduğu bir məqamda İsrail iş adamının yenidən haqqında bəhs etdiyi Türkiyə ilə ortaq enerji layihələrinin reallaşması mümkündürmü? Azərbaycan bu layihələrdə hansı formada iştirak edə bilər?

saban.jpg

Enerji məsələləri üzrə ekspert İlham Şabanın Musavat.com-a dediyinə görə, bu, sadəcə bir fikirdir:

“Amma kommersiya-iqtisadi baxımdan şirkətlər üçün hansısa cəlbediciliyi ilə seçilən fikir deyil. Çünki reallıqlarla uzlaşmır. Bəli, hələ 2008-2009-cu illərdə belə bir fikir olub ki, Qətər qazını Avropa bazarlarına çıxartmaq üçün Səudiyyədən, daha sonra İraq və Suriyadan keçməklə Türkiyəyə boru kəməru çəkilsin və o, BOTAŞ kəmərlər sisteminə birləşdirilsin. Həmin layihənin ən kritik hissəsi Suriya idi. 2009-cu ildə Bəşər Əsəd bu layihəni rədd etdi. Müxtəlif bəhanələr gətirilsə də, əsas səbəb Suriyanın Rusiya ilə strateji müttəfiqliyi, rəsmi Dəməşqin Rusiyanın Avropaya qaz ixracındakı mövqeyini qorumaq istəyi idi. Sonrakı dövrdə Yaxın Şərqdə baş verən uzunmüddətli qeyri-stabillik ümumiyyətlə, Körfəz ölkələrindən hansısa kəmər layihələrinə yatırımı gündəmdən çıxartdı. Bu müddətdə isə qazın tankerlərlə daşıma texnologiyaları xeyli inkişaf etdi və 2000 km  və daha çox məsafə üçün artıq qazın tankerlərlə daşınması boru kəməri nəqlindən daha effektli, iqtisadi baxımdan daha səmərəli oldu.

Ona görə də İsrail şirkəti nümayəndəsinin Qətər qazının Avropaya nəqli üçün Türkiyəyə boru ilə birləşdirilməsi təklifi,  hesab etmirəm ki, indiki şəraitdə belə tərəflər üçün məqbul ortaq layihə olsun”.

Qazın Azərbaycana, oradan Avropaya çatdırılması məsələsinə gəlincə, ekspert şirkət rəhbərinin yanlışlığa yol verdiyini düşünür: “Azərbaycan məsələsində, çox güman ki, SOCAR-ın operator olduğu TANAP layihəsini nəzərdə tutub, sadəcə, Azərbaycanla qarışdırıb. Çünki fərqli coğrafiyadır”.

DÜNYA,
Musavat.com

Chosen
15
11
musavat.com

10Sources