AZ

Azərbaycanın Zəngəzur dəhlizindən illik gəliri nə qədər olacaq?

İqtisadçılar bu marşrutun Avrasiya məkanına  on milyardlarla dollar gəlir gətirəcəyini bildirirlər

Məlumdur ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika məkanında yerini möhkəmləndirmək üçün genişmiqyasılı infrastruktur layihələrinə böyük həcmdə investisiyalar yatırır. Həmin investisiyalar əsasən Avrasiyanın ən mühüm tranzit marşrutları hesab olunan Şimal-Qərb Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına yönəlib. Bu, əsasən  limanların genişləndirilməsindən, dəmir yolu xətlərinin modernləşdirilməsindən və logistika məkanlarının yaradılmasından ibarətdir.

Xüsusilə Şərq-Qərb istiqaməti, daha çox Orta Dəhliz kimi tanınan beynəlxalq nəqliyyat marşrutu Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirir. Bu marşrutun inkişafında Azərbaycanın rolu daha genişdir.  Bu mənada Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və genişləndirilməsi xüsusi diqqət çəkir Hazırda limanın illik yükötürmə qabiliyyəti, təqribən, 15 milyon ton təşkil edir və gələcək mərhələdə bu göstəricinin 25 milyon tona çatdırılması planlaşdırılır.

Bakı–Tbilisi–Qars dəmir yolu da Orta Dəhlizin digər önəmli marrşurutudur. Üç ölkəni  (Azərbaycan, Gürcüstan və Türkiyə) birləşdirən bu marşrut Asiya ilə Avropa arasında yük daşımalarının daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradır. Aparılan modernləşdirmə işləri nəticəsində Gürcüstan hissəsində xəttin illik yükdaşıma gücü, təqribən, 5 milyon tona qədər artırılıb.

Ölkəmizin digər mühüm beynəlxalq marşrutu isə Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu marşrut Rusiya, Azərbaycan və İran vasitəsilə Şimali Avrasiyanı Hind okeanı və Cənubi Asiya ilə birləşdirir. Sözgedən  dəhlizin Azərbaycan seqmentində bir sıra mühüm layihələr həyata keçirilib. Bunlara Azərbaycanla İran arasında yerləşən Astara–Astara dəmir yolu bağlantısının yaradılması, Ələt-Astara xəttinin modernləşdirilməsi və ölkənin şimal istiqamətində yerləşən dəmir yolu xətlərinin yenidən qurulması daxildir. Bu tədbirlər nəticəsində dəhlizin yükdaşıma potensialı mərhələli şəkildə artırılır.

Daha bir səmərəli marşurut isə Şimal-Qərb nəqliyyat xəttidir. Bu xətt də  ölkəmizin  tranzit strategiyasında mühüm yer tutur. Xətt Rusiya, Azərbaycan və Gürcüstan üzərindən Avropaya uzanan yük daşımalarını təmin edir. Azərbaycanın dəmir yolu infrastrukturu, xüsusilə şimal istiqamətində həyata keçirilən yenidənqurma layihələri bu marşrutun səmərəli fəaliyyətinə şərait yaradır. Bakı limanı və Bakı–Tbilisi–Qars xətti bu marşrutun logistika imkanlarını daha da genişləndirir.

2026-cı ilin martın 12-14-də keçirilən XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev Zəngəzur dəhlizinə də xüsusi diqqət yetirib. Ölkə başçısı qeyd edib ki, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək: «Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq».

Məlumdur ki, bu gün həm Şərqi Avropada Rusiya- Ukrayna,  Yaxın Şərqdə isə İsrail, ABŞ- İran  arasında davam edən müharibə  Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artırıb. Məhz münaqişələrin və təhlükəsizlik amillərinin artması fonunda region ölkələri arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası və genişləndirilməsi məsələsi daha aktual xarakter alıb. Bu baxımdan Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə, regionun iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Bu prosesdə əsas layihələrdən biri kimi Zəngəzur dəhlizi ön plana çıxır. Layihənin mühüm komponentlərindən biri olan TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) çərçivəsində yeni dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu yaradılması istiqamətində işlər aparılır. Bu marşrutun istifadəyə verilməsi nəticəsində uzun illərdir kəsilmiş quru nəqliyyat əlaqələri bərpa olunacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha sürətli və təhlükəsiz logistika xətti formalaşacaq.

İqtisadçıların hesablamalarına görə, dəhlizin illik yükötürmə potensialı, təqribən, 15 milyon ton təşkil edə bilər. Eyni zamanda, bu layihə region dövlətlərinin tranzit və logistika imkanlarını genişləndirərək onların büdcə gəlirlərinin artmasına şərait yaradar. Analitiklərin qiymətləndirməsinə görə, yaxın illərdə Avrasiya məkanında qitələrarası ticarət dövriyyəsinin, təqribən  200 milyard dollar artacağı proqnozlaşdırılır. Əgər bu yük axınının 10–15 faizi Zəngəzur dəhlizi vasitəsilə daşınarsa, ölkə tranzit xidmətlərindən ildə, təqribən, 3 milyard dollara qədər gəlir əldə edə bilər.

Elçin Zaman, "İki sahil"

Seçilən
9
1
ikisahil.az

10Mənbələr