EN

İtaliyada film kimi bank soyğunu: 25 nəfər girov götürüldü

İtaliyada film kimi bank soyğunu: 25 nəfər girov götürüldü

İtaliyanın Neapol şəhərində günorta saatlarında baş verən və film səhnələrini geridə qoyan hadisədə silahlı qrup "Credit Agricole" bankını soyduqdan sonra 25 nəfəri girov götürüb və yeraltı tunellər vasitəsilə qaçmağı bacarıb.

AFN.az xəbər verir ki, yerli vaxtla günorta radələrində başlayan hadisə zamanı polis qüvvələri bank filialını qısa müddətdə mühasirəyə alıb.

Təxminən iki saat davam edən danışıqlardan sonra girovlar sərbəst buraxılsa da, soyğunçuların izinə rast gəlmək mümkün olmayıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə yanğınsöndürmə briqadalarının xüsusi vasitələrlə bankın şüşələrini qıraraq içəridəki insanları təxliyə etdiyi əks olunub. Xilas edilən bəzi şəxslərə hadisə yerində tibbi yardım göstərilib, şok keçirən altı nəfər nəzarətə götürülüb.

Hadisə şahidlərindən biri yerli mediaya açıqlamasında bildirib ki, silahlı şəxslər onları bir otağa kilidləsələr də, hər hansı fiziki zorakılıq tətbiq etməyiblər. Bölgə rəsmisi Mişel di Bari çevik müdaxilə sayəsində bütün girovların ciddi xəsarət almadan xilas edildiyini təsdiqləyib.

Hadisənin miqyası böyüdükdən sonra İtaliya jandarmasına (Carabinieri) bağlı xüsusi təyinatlı qüvvələr Toskanadan bölgəyə ezam edilib. Minlərlə insanın canlı yayımlarla izlədiyi əməliyyat zamanı xüsusi bölmələr səs bombası və silahlardan istifadə edərək banka daxil olsalar da, soyğunçuların artıq ərazini tərk etdiyi məlum olub.

Yerli medianın yaydığı məlumata görə, cinayətkarlar bank daxilində əvvəlcədən hazırladıqları tunel vasitəsilə kanalizasiya sisteminə girərək, kənara çıxa biliblər. Görüntülərdə jandarma və yanğınsöndürənlərin bank yaxınlığındakı kanalizasiya quyusuna baxdıqları müşahidə edilib.

Soyğunun maliyyə zərəri ilə bağlı hələlik dəqiq rəqəm açıqlanmayıb, lakin bildirilir ki, cinayətkarlar nağd puldan daha çox, izlənməsi çətin olan şəxsi seyflərdəki qiymətli əşyaları hədəf alıblar. Hazırda polis kanalizasiya xətti boyunca genişmiqyaslı axtarış tədbirlərini davam etdirir.

Chosen
17
afn.az

1Sources