EN

Mühüm mesajlar üçün diplomatiya meydanı - Deputatın ŞƏRHİ

“Türkiyə  Prezidentinin himayəsi və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilən, qlobal və regional məsələlərin müzakirə edildiyi yüksək səviyyəli dialoq platforması olan və "Diplomatiyanın Davos"u kimi nüfuz qazanmış Antaliya Diplomatiya Forumu müasir dövrün ən önəmli dialoq masalarından biri hesab edilir. Bu platformanın Azərbaycan üçün Strateji Əhəmiyyəti olduqca böyükdür”.


PictureBu fikirləri Musavat.com-da Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Deputat bu forumu həmçinin uğurlu bir siyasi platforma olduğunu qeyd edib:

“Təsadüfi deyil ki, ölkəmiz bu forumda hər il ən yüksək səviyyədə təmsil olunur. Bunun bir neçə səbəbi var. Birincisi, iştirakımız bölgədə həqiqətlərin təbliği baxımdan çox vacibdir. Ermənistanla sülh prosesi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri və regionun yeni geosiyasi mənzərəsi haqqında beynəlxalq ictimaiyyətə birbaşa məlumat vermək üçün Antaliya çox uğurlu siyasi platformadır. Digər tərəfdən, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və logistik imkanları artıq dəfələrlə forumun əsas müzakirə mövzularından biridir və bu mənada Bakının forumdakı çəkisini təsəvvür etmək çətin deyil.Ən nəhayət, forum Azərbaycan və Türkiyənin xarici siyasətdəki "ortaq dilini" dünyaya nümayiş etdirmək üçün mühüm meydandır”.

Deputat onu da bildirib ki, dünyanın müxtəlif bölgələrindən olan dövlət başçılarını, nazirləri, diplomatları, akademiyanı və biznes liderlərini bir araya gətirərək qlobal problemlərə ortaq həll yolları axtaran, klassik diplomatiya ilə yanaşı, süni intellekt, iqlim dəyişikliyi, dezinformasiya ilə mübarizə və rəqəmsal diplomatiya kimi mövzuların diqqət mərkəzində olduğu bu platforma üçün Azərbaycan nümunəsi uğurlu əmsaldır və xüsusən, yumşaq güc və dialoq nailiyyətlərimizin qlobal miqyasda təşbiqi ümumbəşəri məqsəd daşıyan məsələdir:

“Bir sözlə, özü Bakı forumu kimi önəmli platforma qurmağı bacarmış Azərbaycan üçün Antaliya Diplomatiya Forumu öz milli maraqlarını qlobal müstəvidə müdafiə etmək və bölgədəki liderlik mövqeyini möhkəmləndirmək üçün əvəzolunmaz bir diplomatik alətdir”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
17
musavat.com

1Sources