EN

Fransa YENƏ separatçılara qucaq açdı – Bakıdan sərt TƏPKİ

Ermənistanda mənzillənmiş separatçı-revanşistlərin bir qrup nümayəndəsi Fransadadır. Xəbərlərə görə, özünü mifik “Qarabağ parlamenti”nin “sədri” kimi təqdim edən Aşot Danielyan Fransadakı erməni kilsəsinin rəhbəri ilə görüşüb. Sonra isə Paris meriyasına yollanıb.

Lakin merlə görüş cəhdləri alınmayıb. Onu meriyanın beynəlxalq əməkdaşlıq üzrə müavini Adri Pulvar qəbul edib. Məlumatda deyilir ki, görüşdə “Qarabağ məsələsi” və Bakıda həbsdə olan erməni separatçılarının azad edilməsi müzakirə olunub. Bildirək ki, Parisin yeni meri Emmanuel Qrequarın separatçılarla görüşməməsinin konkret səbəbləri məlum deyil. Fransanın Bakıya qarşı separatizm “kartı” ilə bu qəbil demarşları daha nə qədər davam edəcək? Azərbaycan rəsmi etiraz göndərəcəkmi, göndərməlidirmi?

Çingiz

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Fransa anti-Azərbaycan addımları ilə münasibətlərə yenidən kölgə salır. Onun sözlərinə görə, Azərbaycan və Fransa prezidentləri sonuncu dəfə görüşəndə tərəflər arasında xoş bir ünsiyyət yaranmışdı: “Ona görə də bu cür görüşlərə şərait yaradılması Parisin Bakıya qarşı münasibətinin dəyişmədiyini göstərir. Təbii ki, bu təmaslar nə məhbsdə olan ermənilərin azad olunmasına gətirib çıxarır, nə də separatçıların güclənməsinə. Sadəcə, Fransadakı erməni lobbisinin dəstəyi ilə bu görüşlər təşkil olunur. Azərbaycan bu addımları pisləyir və separatizmə dəstək verən bütün dövlətləri bu əməldən çəkinməyə çağırır. Onsuz da ermənilər Azərbaycandan kənarda nə etsələr də, heç bir nəticə qazanmayacaqlar”. 

Ç.Qənizadə bildirib ki, separatçılar bu addımlarını davam etdirəcəklər və davamlı olaraq müxtəlif görüşlərdə hərbi canilərin azad edilməsini gündəmə gətirəcəklər: “Ancaq bunun bir nəticəsi olmayacaq. Onlar ağır cinayətlər törədiblər. Sadəcə, Paris meriyasında müavin səviyyəsində onları qarşılayıb müzakirə aparılıb və separatçı ünsürlərə müəyyən stimul verilib”.

Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu separatçıların hesab edir ki, Fransa həmişə separatçılarından sığındığı yuvalardan biri olub. Onun sözlərinə görə, ümumiyyətlə, Qarabağda separatizmi uzun illər himayə edən keçmiş həmsədr ölkələrdən biri də Fransa olub. “Paris meriyasında keçirilən görüş “ermənilərin qayıdış hüquqları” adı altında təşkil olunur və məsələyə siyasi-humanitar don biçməyə cəhd edilir. Ancaq onlar mer yox, müavin səviyyəsində qəbul ediliblər. Bunun özü də münasibətin göstəricisidir. Çünki Azərbaycan-Fransa əlaqələri normallaşır. Sadəcə, İrəvandan gedənləri pərt etməmək üçün görüş baş tutub. Nəzərə alaq ki, bu görüşün təşkilində Fransadakı erməni lobbi və diasporunun da rolu olub”, – deyə hüquq müdafiəçisi vurğulayıb.

Hüquq müdafiəçisi qeyd edib ki, Qarabağı könüllü tərk edən ermənilərin məsələsinin müxtəlif platformalarda qaldırılması beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi güdür. Onun fikrincə, həbsdə olan hərbi canilərin işini də qabartmaq bu niyyətə xidmət edir: “Fransa meriyası Yelisey sarayının mövqeyini ifadə etmir. Çünki seçkili orqandır. Ancaq Azərbaycan Paris meriyasına etiraz məktubu göndərməli, rəsmi Parisdən izahat istəməlidir. Bu adamlar özlərini olmayan qondarma strukturun üzvləri kimi təqdim edirlər. Paris meriyası niyə onlara qapı açmalıdır? Söhbət Qarabağda qondarma dövlət qurmaq istəyənlərin bir qrupundan gedir və Fransa onlara imkan yaradır. Paris bu siyasətinə son qoymasa, Bakı ilə əlaqələrdə soyuqluq yaranacaq”.

Chosen
2
1
editor.az

2Sources