EN

Uşaqların hüquqları üçün VAHİD sistem - Yeni qanun nəyi dəyişəcək?

Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” yeni qanunu təsdiqləyib. Məlumata görə, qanun 8 fəsil, 63 maddədən ibarətdir. Qanuna əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.

Hüquqşünas Əliməmməd Nuriyev Musavat.com-a şərhində bildirib ki, indiyə kimi nəzarət sistemi pərakəndə idisə, yeni qanunun işə düşməsini sistemli müdafiəyə cəhd kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, uşaqlar haqqında məlumatlar müxtəlif qurumlar arasında parçalanmış vəziyyət idi, xaotik xarakter daşıyırdı:

“Bu parçalanma hüquqi baxımından boşluqlar yaradırdı. Dövlət uşaqların vəziyyətini tam qiymətləndirə bilmirdi. Nəticədə prosesə müdaxilə ya gecikirdi, ya da ümumiyyətlə baş vermirdi. Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankının yaradılması bu boşluqların aradan qaldırılmasına hesablanıb.

Söhbət, təkcə məlumatların toplanmasından getmir. Əsas məqsəd uşaqların mənafeyinin üstünlüyünü real mexanizmə çevirməkdir. Yəni dövlət artıq hadisə baş verəndən sonra reaksiya verən yox, riski öncədən görən və qarşısını alan model qurmağa çalışır. Məlumat bankının yaradılması uşaqların tam profilini yaratmağa imkan verir. Uşaq hansı davranışları seçə bilər, hansı risklər var və s. Nəticədə dövlət qurumları vaxtında müdaxilə imkanı qazanacaq.

Təcrübədə isə risk qrupuna düşən uşaqları daha tez müəyyən etmək mümkün olacaq. Məktəb davamiyyəti zəif olan, sağlamlıq problemləri yaşayan, sosial baxımdan həssas ailədə yaşayan uşaqlar ayrı-ayrılıqda yox, tam olaraq qiymətləndiriləcək. Bu isə erkən müdaxilə imkanlarını artırır. İkincisi, zorakılıq halları ilə bağlı görməzlikdən gəlmə problemləri zəifləyəcək. Uşaqların profillərində müfəssəl məlumat olduğu üçün nəyə meyli olduğu aydın bilinəcək. Müəllim, həkim yaxud sosial işçi tərəfindən müşahidə edilən əlamətlər sistem daxilində əlaqələndiriləndə bu artıq hüquqi öhdəliyə çevrilir.

Məlum olduğu kimi, xüsusilə, məktəblərdə gizli zorakılıq halları baş verir. Uşaqlarla bağlı qərarlar çox zaman ümumi statistikaya əsaslanır. Yeni mexanizm isə problemlərin coğrafiyasını müəyyən etməyə imkan verəcək - harada, nə baş verir, dərsə davamiyyət, uşaqların sosial vəziyyəti, yaş qrupları, problemlərin səbəbləri və s. Bu da məsələləri formallıqdan çıxaracaq, hədəfli siyasətə keçidi şərtləndirəcək”.

Hüquqşünas hesab edir ki, hüquqi baxımdan iki həssas xətt var:

“Birincisi fərdi məlumatların qorunması məsələsidir. Qanun uşaqların izlənməsini yaxud şəxsi məlumatların qorunmasını prinsip kimi təsbit edir. Lakin geniş informasiya bazasının necə idarə ediləcəyi, məlumatlara kimin giriş əldə edəcəyi həlledici olacaq. Bu sahədə ən kiçik boşluq belə hüquqi pozuntulara yol aça bilər. Buna görə də bazanın sərt qorunma mexanizmi olmalıdır. İkinci mexanizm isə praktik tətbiq məsələdir. Azərbaycan hüquq sistemində tez-tez rast gəlinən problem yaxşı niyyətlə qəbul edilən normanın icra mərhələsində formal xarakter almasıdır. Əgər məlumat bankı hesabat aləti kimi işləsə, o zaman hüquqi və sosial dəyəri minimum olar. Əksinə, real koordinasiya, operativ müdaxilə mexanizmi qurularsa, uşaq hüquqlarının qorunmasında dönüş mərhələsi başlaya bilər. Düşünürəm ki, qanunun hədəflərindən biri budur. Hesab edirəm ki, əhəmiyyətli ideyadır. Hüquqda əsas məsələ qanunun qəbul edilməsi deyil, icrasıdır. Əminəm ki, qanunun uğurla icrası üçün müvafiq addımlar atılacaq”.

Nigar Həsənli,
Musavat.com

Chosen
34
musavat.com

1Sources